Britaniyada ailə dramı: “Dünən 3 oğlum vardı, bu gün sonsuzam”
8-01-2019, 08:43

Dumanlı Albionda əcaib hadisələr çox olur. Ancaq biz musavat.com olaraq “The Sun” nəşrinə istinadən sizə nadir hadisə haqqında məlumat verəcəyik.
Britaniyalı milyonerin 3 oğlu var. 2016-cı ildə o, tibbi müayinədən keçir. Məlum olur ki, tibbi baxımdan anadangəlmə xəstəliyi var, o səbəbdən də onun uşağı ola bilməz. O isə uzun illər ərzində yad kişinin uşaqlarına “oğlum” deyib. “ManeySupermarket” şirkətinin sahibi olan 55 yaşlı Riçard Meyson onu 21 il ərzində aldadan Keyt adlı xanımını məhkəməyə verib. Deyir ki, keçmiş xanımım mənə 250 min funt-sterling aliment ödəməlidir.
O da maraqlıdır ki, Britaniyalı milyonçu 3 uşağın anası olan həmin xanımdan 10 il əvvəl boşanıb və məhkəmənin hökmü ilə həmin xanıma təzminat olaraq 4 milyon funt-sterling ödəyib.
İşin üstü açılanda Keyt Meyson and-aman edib ki, tibbi müayinə boş şeydir. Uşaqlar hamısı səndən olub. Ancaq sonda həqiqəti etiraf etmək zorunda qalıb. Ricard Meyson deyir ki, Keyt birinci uşağa hamilə olanda onda musəvi dininə qəfil maraq yarandı. Bu isə o deməkdir ki, uşaqların atası yəhudidir...

Uşaqların da bu məsələyə münasibəti maraqlıdır. Məhkəmə prosesi başladıqdan sonra uşaqlardan ikisi dünənə qədər ata dediyi kişi ilə görüşməkdən imtina edib. Kiçik uşaq isə öz hisslərini məktub vasitəsi ilə ifadə edib: “Mən həmişə səninlə olacam. Sən həmişəlik mənim atam olaraq qalacaqsan”.
Ricard Meysonun başına gələn hadisəyə münasibəti belə olub: “Həqiqət nədir, yalan nədir? Sən bunu heç vaxt dəqiq bilmirsən. Elə bil ki, yalanın həqiqətə qarışdığı bir dünyadayam. Sən bildiyin, inandığın, əmin olduğun şeylər bir anın içində yalana dönür. Bir gün bilirsən ki, sən ata deyilsən, sən ata ola da bilməzsən, səndən sonra sənin yerində qalan olmayacaq. Sənin soyadın səninlə bitəcək. Belə hissləri yaşamaq çox ağırdır. Mən hələ də oğul bildiyim uşaqları Facebook-da izləyirəm”.

“The Sun” yazır ki, Ricard Meysonun 10 milyon funt-sterlinq mal varlığına sahibdir. Bu isə 13-14 milyon dollar deməkdir.
https://www.thesun.co.uk/news/8130171/man-receives-250k-payout-from-ex-wife-after-dna-test-reveals-he-is-not-the-father-of-her-three-sons-after-21-years/
Elbəyi Həsənli, musavat.com