“Versace” kenquru dərisindən istifadədən imtina edib
16-01-2020, 05:28
İtaliyanın dünya şöhrətli "Versace" moda evi genişmiqyaslı təbii meşə yanğınları səbəbindən Avstraliyada milyonlarla heyvanın həlak olması fonunda geyim və ayaqqabı istehsalında kenquru dərisindən istifadə etməyəcək.
Bu barədə “Report” “The Telegraph”a istinadən xəbər verir.
Nəşrin məlumatına görə, belə qərar hələ keçən il qəbul olunub və 2019-cu ildə “Versace” kolleksiyasına aid edilib. Lakin qərarın mövcudluğu yalnız bu həftə məlum olub.
Bununla birlikdə qeyd edilir ki, kenquru dərisindən istifadədən imtina birbaşa Avstraliyada yanğınlarla yox, ehtimal ki, italyan heyvansevərlər tərəfindən təzyiqlə bağlıdır.
“Versace”nin nümayəndəsi nəşrə açıqlamasında məlumatı təsdiqləyib. Bildirib ki, bundan sonra kenqurunun dərisindən istifadə tamamilə dayandırılacaq.
Avstraliyada 2019-cu ilin payızında tüğyan edən meşə yanğınları nəticəsində 1 milyarddan çox heyvan həlak olub.
Daha əvvəl məlum olub ki, "Versace" moda evinin rəhbəri Donatella Versace geyim və aksessuar istehsalı zamanı təbii xəz istifadəsindən imtina barədə qərar qəbul edib. "Xəz? Mən artıq belə işlərdə yoxam. Mən dəb xatirinə heyvanları öldürmək istəmirəm. Bu düzgün deyil", - deyə Versace bildirib.