Prezident xalqı hökuməti devirməyə çağırıb
20-02-2020, 02:26
Albaniya prezidenti İlir Meta xalqı ölkədə hakim olan sol hökuməti devirməyə çağırıb.
Dövlət başçısı Sosialist partiyasının deputatlarını konstitusiyanı pozmaqda, habelə mütəşəkkil cinayətkarlıqla əlbir olmaqda ittiham edib.
Prezident İlir Meta keçirdiyi mətbuat konfransında insanların bu il mart ayının 2-də paytaxt Tiranaya axın edəcəyinə ümid bəslədiyini bildirib. Onun sözlərinə görə, həmin gün hökumət tərəfindən həyata keçirilmək istənilən hüquq islahatına qarşı ilk fərmanını imzalayacaq.
İlir Metanın bu çağırışı Albaniyanın Avropa Birliyinə üzv olmaq üçün cəhdlərin fonunda etməsi qəribə görünüb. Lakin prezidentin fikrincə, məhkəmə hakimlərinin və prokurorların müstəqilliyini təmin etməsi üçün həyata keçirilən, habelə rüşvətin kökünü kəsmək üçün 3 il öncə başladılan islahat siyasəti tam iflasa uğrayıb.
İlir Metanın hökumətlə münaşqişəsi ötən ildən bu yana qızışıb. 2019-cu ildə prezident bələdiyyə seçkilərinin sağ partiyalar tərəfindən boykot edilməsini əsas gətirərək onun qeyri-legitim olduğunu bildirmiş və nəticələrin ləğv olunmasını tələb etmişdi.
Albaniya hökuməti və baş nazir Edi Rama da əks-həmlə edərək prezident haqqında impiçment proseduruna başlayıb. Bununla bağlı qərarın mart ayında verilməsi gözlənilir.//musavat.com