İsrail AÇAR dövlətlərdən cavab gözləyir, əks halda... - QORXUNC PROQNOZ
20-02-2020, 16:13
“İsrail başa düşür ki, Əsəd rejimi ilə İran cütlüyü güclənsə, ona ciddi təhlükə yaranacaq”.
Bunu Publika.az-a açıqlamasında İsrail Müdafiə naziri Naftali Bennetin İrana hücum edəcəkləri ilə bağlı yaydığı bəyanatı analiz edən politoloq, Qərbi Kaspi Universitetinin professoru Fikrət Sadıqov deyib.
Politoloq bildirib ki, İsrail və İranın uzun illərdir münasibətləri gərgindir: “Xüsusilə İran şahının devrilməsindən sonra bu münasibətlər pisləşməyə başladı. İndi isə İsrail İran İslam rejimini qəbul etmir. Eyni zamanda rəsmi Tehran da hesab edir ki, yəhudilər onların əsas düşmənləridir. Bu proses artıq bir neçə ildir ki, davam edir. Gərginliyin sonu hələlik görünmür. Belə bir bəyanatın verilməsi aydın məsələdir ki, gərginliyin nəticəsidir. Onların münasibətlərinin müəyyən bir istiqamətdə formalaşmasında əsas amil Suriyadır. Çünki Suriyada İranın mövqeyi möhkəmlənir. Bu, İsraili qıcıqlandırır. İsrailin də Suriyada müəyyən maraqları var və başa düşür ki, Əsəd rejimi ilə İran cütlüyü güclənsə, ona ciddi təhlükə yaranacaq. Hesab edir ki, bu təhlükəni aradan qaldırmaq üçün İran hərbi dəstələri Suriyadan geri çəkilməlidir. İsrail başa düşür ki, onu dəstəkləyən ABŞ-dır. ABŞ İsraili dəstəkləyir və hesab edir ki, İsrail düzgün mövqedədir. Belə bir gərginliyin bundan sonra davam etməsi münaqişənin daha da alovlanmasına səbəb ola bilər”.
F.Sadıqov hesab edir ki, İranın mövqeyi qəti dəyişməyəcək: “Çünki İranın Suriyada maraqları kifayət qədər genişdir. Əsəd başda olmaqla rejimlə rəsmi Tehranın münasibətləri sıx və partnyorluq xarakteri daşıyır. Amma bu Suriyada vəziyyətin daha da gərginləşməsinə gətirib çıxara bilər. Çünki faktiki olaraq burada bir neçə dövlətin maraqları ziddiyyət təşkil edir: İsrail, Türkiyə, İran, Rusiya və ABŞ. Bu gərginliklə bağlı İran və İsrailin toqquşması ancaq Suriya ərazisində baş tuta bilər. Artıq o toqquşmalar baş verir. İsrail vaxtaşırı Suriya ərazisində İran hərbi bazalarına hücum edir. Əlbəttə ki, münaqişənin alovlanması istisna deyil”.
Politoloq İsrail-İran münasibətlərinin tənzimlənməsində bəzi açar dövlətlərin olduğunu vurğulayıb: “Suriya mövzusunda aparıcı dövlətlər ABŞ və Rusiyadır. Öz maraqları çərçivəsində inanmıram ki, bu güclər İran və İsrail arasındakı münaqişənin tərəfdarlarıdır. Düşünürəm ki, elə bu oyunçular genişmiqyaslı münaqişənin qabağını ala bilər. Bu dövlətlərin Suriyadakı fəaliyyətindən çox şey asılıdır”.