İran koronavirusla mübarizəyə... hərbçiləri cəlb edir
24-02-2020, 00:04
İlk dəfə hökumət ölkədə koronavirus yayıldığı barədə fevralın 19-da məlumat verib. Bu, şiə müsəlmanlarının ziyarətgahı olan Qum şəhərində qeydə alınıb
İranın hərbi qüvvələri koronavirusla mübarizəyə cəlb olunacaq.
Sputnik Azərbaycan bildirir ki, İran İslam Respublikasının Prezidenti Həsən Ruhani ən az itkilərlə virusun öhdəsindən gəlməyə çalışacaqlarını deyib.
"Bütün dövlət orqanları, hərbi qüvvələr, ictimai təşkilatlar cəmiyyətin sağlamlığı üçün lazım olan tədbirləri görəcəklər. Biz çox qısa vaxt ərzində və ən az itkilərlə xəstəliyə nəzarəti ələ almağa çalışacağıq", - H.Ruhaninin rəsmi səhifəsində qeyd olunub.
İranda koronavirusa yoluxanların sayı 43-ə çatıb, bunlardan 8-i ölüb.
İlk dəfə hökumət ölkədə koronavirus yayıldığı barədə fevralın 19-da məlumat verib. Bu, şiə müsəlmanlarının ziyarətgahı olan Qum şəhərində qeydə alınıb. Tibbi işçilərinin sözlərinə görə, yoluxanların əksəriyyəti bu şəhərin sakinləri və oraya ziyarətə gedənlərdir.
Virusun ölkəyə necə düşdüyünü isə İran Səhiyyə naziri Səid Nəməki koronavirusdan ölənlərdəın birinin Çində xəstəlik yayılarkən orada səfərdə olması ilə əlaqələndirib.
İranın bir sıra əyalətlərində təhsil müəssisələri koronavirus təhlükəsi səbəbindən bağlanıb, mədəni tədbirlər ləğv edilib, bir sıra idman yarışları isə tamaşaçılarsız keçiriləcək.