Ruhaninin komandası uduzdu - Nəticələr açıqlandı

24-02-2020, 00:08           
Ruhaninin komandası uduzdu -
İranın Daxili İşlər naziri Rəmani Fəzli bu gün mətbuat konfransı keçirərək parlament seçkilərinin nəticələri haqqında məlumat verib.

Teleqraf.com xəbər verir ki, nazir seçici fəallığının 42,57 faiz olduğunu bildirib. Onun sözlərinə görə, Tehran və ətraf rayonların əhalisinin 26,2 faizi sesvermədə iştirak edib.

Ümumilikdə 11-ci parlament seçkilərində 24 milyon, 512 min 404 nəfər səs verib.

İranda 290 yerlik parlamentdə təmsil olunmaq üçün 1578 nəfər namizədliyini irəli sürüb. İranın Elborz, Elam və Qum, Şərqi Azərbaycan vilayətləri parlamentdə daha çox deputat ilə təmsil olunurlar.

Parlamentdə 5 yer isə İranda yaşayan dini azlıqların nümayəndələri üçün ayrılır.

Ölkədə prezident və parlament seçkilərində siyasi mübarizə, əsasən, siyasi arenanın iki böyük qüvvəsi-mühafizəkarlar və islahatçılar arasında aparılır. Bu il seçkilərdə mühafizəkarlar parlamentdə yerlərin daha çoxunu qazanıblar.

Əslində bu vəziyyət gözlənilən idi. Prezident Həsən Ruhaninin rəhbərlik etdiyi islahatçılar Qərb ilə danışıqlar apararaq sanksiyaları aradan qaldırmağa çalışdılar. Nəticədə İran daha sərt sanksiyalar ilə üzləşdi ki, bu da ölkədəki sosial-iqtisadi vəziyyətin ağırlaşması ilə nəticələndi.

Mühafizəkarlar isə hər zaman ABŞ başda olmaqla, Qərb ilə yumşaq danışmağın əleyhinə olublar. İranın Ali Rəhbəri Ayətullah Əli Xamneyi 2015-ci ildə Qərb ilə danışıqlara başlamaq istəyən Prezident H. Ruhaniyə ABŞ-a inanmaq olmaz deyərək xəbərdarlıq edib. Çox yox, düz 2 il keçəndən sonra zaman Ali Rəhbərin haqlı olduğunu göstərdi. Rəsmi Vaşinqton “İranın nüvə proqramının məhdudlaşdırılması haqqında” sazişə imza atsa da üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədi və sazişdən çıxdığını bəyan etdi. Bu azmış kimi ABŞ Prezidenti Donald Tramp İrana qarşı iqtisadi sanksiyaları daha da sərtləşdirdi.

Bütün diplomatik səylərə baxmayaraq, H.Ruhani hökuməti sanksiyaları ortadan qaldıra bilmədi. Bütün bunların nəticəsi olaraq İran ictimaiyyəti parlament seçkilərində mühafizəkar düşərgənin nümayəndələrinə daha çox səs verdi.

İranın yeni parlamenti fəaliyyətini hansı istiqamətdə quracaq və parlamentə kimin sədrlik edəcəyini isə zaman göstərəcək.

Müəllif: Mənbə/Azərtac












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.