Erməni təxribatı dünya gündəmində - Sərhəddə baş verənlər medianın gözüylə

16-07-2020, 23:56           
Erməni təxribatı dünya gündəmində - Sərhəddə baş verənlər medianın gözüylə
Ermənistan Silahlı Qüvvələrinin Azərbaycana qarşı növbəti təxribatı dünyanın media qurumlarında da geniş işıqlandırılıb. Bir sıra məşhur qəzet və agentliklər Ermənistanın Azərbaycanın Tovuz rayonuna hücumu barədə bəhs edərək, təxribatın törətdiyi fəsadlar, o cümlədən insan itkiləri və digər təhlükələr barədə geniş yazılar dərc edib.

Məsələn, Amerika Birləşmiş Ştatlarında dərc olunan nüfuzlu “Los Angeles Taymz” qəzeti Ermənistanın Azərbaycana qarşı son hərbi təxribatına geniş yer ayırıb. Qəzetin ingilis və İspan dilli versiyasında qeyd olunub ki, Covid-19 böhranının davam etdiyi bir dönəmdə Ermənistan Azərbaycana qarşı hücuma keçib, Azərbaycan ərazisində strateji mövqelər ələ keçirməyə cəhd göstərib. Diplomatik mənbələrə istinad edən dərcidə yazılıb ki, Ermənistanı bürüyən ciddi iqtisadi tənəzzül, siyasi rəqiblərin həbs olunması və məhkəmələrin müstəqilliyini aradan qaldıran konstitusiya düzəlişləri səbəbindən Ermənistan hökuməti ölkə daxilində və beynəlxalq arenada nüfuzunu itirir və buna görə də, Azərbaycana qarşı son hərbi təxribatı törətməklə bu daxili problemlərdən diqqəti yayındırmağa çalışır. İtaliyanın tanınmış “L’Opinione” qəzetində jurnalist Domeniko Letizianın 12 iyuldan başlayaraq Ermənistan-Azərbaycan sərhədi boyunca Ermənistanın həyata keçirdiyi təxribatlarına İtaliyanın hakim siyasi-ictimai dairələrinin və tanınmış siyasətçilərinin reaksiyası, İtaliyanın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair mövqeyi, son hərbi təxribatların qarşısının alınmasının İtaliyanın maraqları baxımından əhəmiyyətinə dair məqaləsi dərc olunub. Müəllif məqaləsində Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf yeddi rayonu olmaqla, ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazilərinin 20 faizinin Ermənistan silahlı qüvvələrinin işğalı altında qaldığını, Tovuz istiqamətində Ermənistan hərbi qüvvələrinin həyata keçirdiyi təxribatların Ermənistanın Azərbaycana qarşı təcavüzünün yeni dalğası olduğunu bildirir, son təxribatların gətirib çıxardığı tələfatlara diqqəti çəkir və Prezident İlham Əliyevin Təhlükəsizlik Şurasının iclasında son hadisələrlə bağlı fikirlərinə istinad edir. Məqalədə İtaliyanın ATƏT-in Minsk Qrupunun üzvü kimi həmişə münaqişənin siyasi həllini dəstəklədiyi, Prezident İlham Əliyevin İtaliyaya dövlət səfəri zamanı imzalanmış “Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında Çoxşaxəli Strateji Tərəfdaşlığın Gücləndirilməsinə dair Birgə Bəyannamə”də tərəflərin bir-birinin müstəqilliyini, suverenliyini, ərazi bütövlüyünü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinə dəstəyi ifadə olunub. Müəllif məqaləsində, habelə Ermənistanın son təxribatlarının İtaliya hakim-siyasi dairələrində yaratdığı narahatlığa diqqəti çəkir, eləcə də münaqişənin həllinə münasibətdə İtaliya hökumətinin, parlamentinin üzvlərinin, tanınmış icimai-siyasi xadimlərinin verdikləri açıqlamalara yer verir. Türkiyənin bir çox media orqanları, o cümlədən Anadolu xəbər agentliyi də ilk gündən rus, türk, ingilis və başqa dillərdə Azərbaycan-Ermənistan sərhəddində baş verən hərbi əməliyyatları gündəmdə saxlayır. Türkiyə hakimiyyəti və xalqının daim Azərbaycanın yanında olduğunu vurğulayan, rəsmi Ankaranın Ermənistanın işğalçı siyasətini pisləyən bəyanatlarına yer verən agentlik, Azərbaycanın Erməni təxribatına layiqincə cavab verdiyini vurğulayır, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin rəsmi məlumatlarına əsaslanaraq, bölgədəki real durumla bağlı Türkiyə və dünya ictimaiyyətini məlumatlandırır, erməni silahlı qüvvələrinin mövqelərinə edilən dağıdıcı zərbələrin videolarını yayımlayır.

atv.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.