Koreya sərt qadağalar olmadan koronavirusa yoluxmanı necə azaltdı? - VİDEO
29-07-2020, 08:30

Koreya Respublikasının Azərbaycandakı səfiri Kim Tonq Op ölkəsinin koronavirusla mübarizədə təcrübəsini bölüşüb.
Bu barədə səfir AzTV-nin "Koronavirus İnfo" verilişinə müsahibəsində danışıb. Səfir Koreyada biznes fəaliyyətinə qadağa qoyulmadan, evdə qalma məhdudiyyətləri tətbiq edilmədən COVID-19-a yoluxmanın azalmasının sirrinin 3T sistemi ilə bağlı olduğunu bildirib:
“Bizim çox güclü 3T sistemimiz var idi: test, izləmə və müalicə. İnanırıq ki, 3T hər hansı yoluxucu xəstəliyə qarşı mübarizənin həll yoludur. 2015-ci ildə MERS xəstəliyinin yayılması ilə bağlı pis bir təcrübə yaşadıq və o zaman həyata keçirdiyimiz tədbirlər səmərəli olmadı. Ancaq biz bu təcrübədən öyrəndik və bundan sonra xəstəliklərə qarşı mübarizə infrastrukturunu və hüquqi bazanı inkişaf etdirdik. Beləliklə, bu təcrübədən öyrənərək qorxulu infeksiyanın öhdəsindən gəldik. Keçmiş təcrübələr və bütün dərslər bu dəfə tam sınaqdan keçirildi və biz uğur qazandıq".
Kim Tonq Op 2015-ci ildə MERS xəstəliyinin yayılmasından sonra Cənubi Koreyada xəstəliklərə nəzarət qanunun qəbul edildiyini qeyd edib:
“2015-ci ildən sonra hüquqi bazanı gücləndirmək üçün biz yeni qanun qəbul etdik: Xəstəliklərə nəzarət qanunu. Bu qanuna əsasən hökumət səhiyyə vəziyyəti, xəstələrin sayı və xəstələrin hərəkəti barədə ictimaiyyəti məlumatlandırmaq üçün məsuliyyət daşıyır. Hər şey hökumətdən və insanlardan asılıdır”.