Bu neft markasını alan alıcılar satıcılardan pul tələb edir – İLGİNC
18-01-2016, 17:37
Amerikanın “Flint Hills Resources” şirkəti “North Dakota Sour” markalı nefti yalnız ona ödəniş edilərsə, almağa razı olduğunu deyib.
Modern.az xarici mətbuata istinadən xəbər verir ki, “Flint Hills Resources” aldığı hər 1 barel neft üçün satışı gerçəkləşdirən şirkətdən 50 sent kompensasiya tələb edib. “Bloomberg” in məlumatına görə 2014-cü ilin yanvarında 1 bareli 47,6 dollar olan “North Dakota Sour” nefti hazırda 13,5 dollara satılır.
Bu neft markası tərkibində həddən artıq kükürd olması ilə seçilir və ölkədəki bir çox şirkətlər onu almaqdan imtina edirlər.
Şimali Dakotada “North Dakota Sour” neftinin payı sutkada 15 min bareldən azdır. Halbuki, ölkənin qərbindəki Bakken yatağında sutkada 1,1 milyon barel az kükürdlü neft çıxardılır.
Məlumata görə ötən il Kanadanın neft-qaz sənayesi mərkəzi Edmontonda propan 4 ay ərzində mənfi qiymətə - yəni satıcının alıcıya pul ödəməsi ilə gerçəkləşirdi. Bir çox amerikalı ekspertlər isə “Nord Dakota Sour” neftinin istehsalçılarının alıcılara pul ödəməkdənsə, neftin hasilatını dayandırmasını ağlabatan hesab edir.