Gürcüstanda yenə inqilab olacaq? – Müxalifət noyabrın 8-dən... Tarix: Bu gün, 16:53 | Çap et

5-11-2020, 17:28           
Gürcüstanda yenə inqilab olacaq? –
Gürcüstanda oktyabrın 31-də keçirilən parlament seçkilərinin ilkin nəticələrinə görə hakim Gürcü Arzusu Partiyası yenidən qalib gəlib. Bununla razılaşmayan müxalifət partiyaları bəyanat yayaraq mandatlarından imtina edib, boykot qərarı veriblər. Noyabrın 8-də paytaxt Tbilisidə müxalifətin etiraz aksiyası gözlənilir. Xatırladaq ki, 2003-cü ildə də Gürcüstanda müxalifət indiki kimi seçkinin nəticəsini tanımadı, təkrar seçki keçirilməsi tələbi ilə kütləvi aksiyalara başladı. Çıxılmaz vəziyyətdə qalan hakimiyyət etirazları yatırmaq üçün təkrar seçkilərə getdi. Nəticədə Eduard Şevardnadzeni hakimiyyətdə Mixeil Saakaşvili əvəz etdi. İllər sonra Gürcüstanda yenə eyni proses yaşana bilərmi? Noyabrın 8-dən start götürəcək etiraz aksiyaları nəticəsində yeni seçkilər təyin oluna, yaxud Bidzina İvanaşvili iqtidarını müxalifət əvəz edə bilərmi?

Sözügedən məsələ ətrafında Yenisabah.az-a açıqlama verən politoloq Natiq Miri qeyd edib ki, belə bir şeyin olması o qədər də çox ehtimal edilmir:

“Gürcüstanda seçki prosesi başlamazdan əvvəl müxalifət cəbhəsində Gürcü Arzusu Partiyası parçalanma yarada bildi. Avropaya inteqrasiya xəttini müdafiə edən siyasi partiyalar var idi ki, müxalifət birliyi blokundan çıxaraq sərbəst şəkildə seçkiyə qatılmaq istədilər. Onlar bunu guya cəmiyyətdə özlərinin reytinqinin artıq olduğu ilə əsaslandırdılar. Ancaq seçkinin nəticələri heç də onların dedikləri iddiaları təsdiq etmədi. Çünki bu partiyalar 2-3 faizdən artıq səs ala bilmədilər. Bu faktın özü də göstərdi ki, parçalanmanın əsasında heç də bu partiyaların siyasi iddiaları durmur. Hiss olunur ki, bu məsələdə İvanaşvili hakimiyyətinin müəyyən mənada barmağı var”.

Ekspert bildirib ki, müxalifətin sonadək gedərək deputat mandatından imtina etməsi müəyyən şübhələr yaradır:

“Bəzi siyasi partiyalar mövcuddur, hansı ki, Sakaşvilinin namizədliyini verən blokdan kənarda sərbəst şəkildə xətlərini qorumaq üçün bu cür siyasi qərar veriblər. Lakin bu, davamlı olmadığı təqdirdə müxalifətdə yenidən parçalanma yarana bilər ki, bu da müəyyən zaman çərçivəsindən sonra siyasi etiraz enerjisinin azalacağına gətirib çıxardar. Nəticədə hər şey seçkidə özünü qalib elan etmiş Gürcü Arzusu iqtidarının maraqlarına xidmət edər. Bəziləri seçkilərdən öncə proqnoz verəndə mən demişdim ki, Saakaşvili Gürcüstana qayıtmadığı təqdirdə bu seçkidə müxalifətin qalib gəlməsi mümkün olmayacaq. Səsvermələrdə hiss olundu ki, İvanaşvili hakimiyyəti çox rahatlıqla - pulla Gürcüstan toplumunun böyük əksəriyyətinin səsini ala bilib. Doğrudur, seçkilərdə də müəyyən saxtakarlıq elementləri mövcuddur və bu, sübut olunub. Ancaq İvanaşvili hakimiyyəti bu sürüşkən Gürcüstan ictimai rəyinə müdaxilə etməklə onların səsini qazana bildi. Ona görə də bunun qarşısını almağın yeganə yolu Saakaşvilinin Gürcüstana gəlməsi idi. Düşünürəm ki, Saakaşvili Gürcüstana gələrdisə, hətta həbs olunduğu təqdirdə də müxalifətin ciddi mənada qalibiyyətindən danışmaq mümkün olardı. Ancaq Saakaşvili növbəti dəfə qorxdu və Gürcüstana gəlmədiyi üçün də siyasi nəticələr müxalifətin xeyrinə olmadı. Ona görə də növbəti etirazlar fonunda seçkilərin yenidən keçirilməsi perspektivini o qədər də ciddi görmürəm”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.