Ərəbistan Azərbaycanla hərbi ittifaqa girəcək - Ekspert
Bu gün, 08:08

Bu yaxınlarda Hindistan-Pakistan müharibəsi baş verdi. Bu müharibədə Türkiyə və Azərbaycan Pakistanın yanında yer aldı. Xüsusən Türkiyənin bu işə müdaxiləsi Pakistanın qələbəsini təmin etdi. Bundan dolayı Şahbaz Şərif Türkiyə və Azərbaycanda oldu, hər iki ölkəyə rəsmən təşəkkürünü bildirdi. O da sirr deyil ki, II Qarabağ müharibəsində Pakistan Azərbaycana ciddi şəkildə dəstək verib. Yəni Pakistan-Türkiyə-Azərbaycan hərbi ittifaqı mövcuddur. Hindistan-Pakistan müharibəsi kimi qlobal xarakterli bir sınaqdan keçib. Kritik vəziyyətdən üzü ağ çıxıb...
Bakupost.az xəbər verir ki, bu sözləri mühacir jurnalist Elbəyi Həsənli Pakistanın Baş naziri Şahbaz Şərif və Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman arasında hər iki ölkəyə hücum zamanı qarşılıqlı yardım üçün strateji müdafiə sazişi imzalanması haqda qeyd edib.
“Ərəbistanın Pakistanla hərbi baxımdan daha da yaxınlaşması Pakistan-Türkiyə-Azərbaycan hərbi blokuna təsir edəcək? Şübhəsiz ki, edəcək. Başqa cür ola da bilməz. Yəni tezliklə Türkiyə-Pakistan-Azərbaycan və Səudiyyə Ərəbistanı hərbi bloku yarana bilər. Yəni bu, real söhbətdir.
Onu da deyim ki, Səudiyyə Ərəbistanının Pakistana təsir imkanları son dərəcə yüksəkdir. Hətta bu təsir o həddədir ki, Pakistanın daxilində mövcud olan siyasi qarşıdurmalar belə Səudiyyənin müdaxiləsi ilə həll olunur...
MHP lideri Dövlət Baxçalı buyurur ki, Türkiyə ABŞ-İsrail ittifaqına qarşı Rusiya və Çinlə ittifaqa girməlidir. Düşünürəm ki, bu, yanlış mövqedir. Türkiyə islam ölkələrini bir araya gətirib hərbi baxımdan möhtəşəm bir ittifaq yarada bilər. Tarixən Türkiyənin (Osmanlı) islam dünyasında xüsusi bir missiyası olub. Türkiyə islam dünyasında yenidən baş rolda çıxış etməlidir. Əslində proseslər elə ona doğru gedir...
Səudiyyə Ərəbistanı islam dünyasının ən varlı ölkəsidir. Artıq Türkiyə və Pakistanda hərbi texnologiya sürətlə inkişaf edir. Səudiyyə Ərəbistanı bu inkişafa maliyyə dəstəyi verməklə prosesi daha da sürətləndirə bilər...”
Ekspertin fikrincə, islam dünyası texnologiya baxımından Qərbdən kəskin şəkildə geri qalır:
“Ancaq Türkiyə və Pakistan bu geriliyi aradan qaldırmaq üçün böyük işlər görürlər. Ortadakı nəticə onu deməyə əsas verir ki, yaxın gələcəkdə bu müstəvidə nəzərəçarpacaq dəyişikliklər ola bilər”.