Ermənistan ordusunun korpus komandiri istefa verib - TƏFƏRRÜAT

11-11-2020, 18:51           
 Ermənistan ordusunun korpus komandiri istefa verib - TƏFƏRRÜAT
Ermənistan silahlı qüvvələrinin 3-cü ordu korpusu komandiri Qriqori Xaçaturov istefa verib.

Bu barədə məlumatı 168.am saytı yayıb.

DİA.AZ xatırladır ki, Tovuz təxribatının səbəbkarı da məhz Qriqori Xaçaturovdur. Belə ki, general-mayor Qriqori Xaçaturov Ermənistan ordusunun 3-cü korpusunun komandir idi. Bu korpus isə Azərbaycan-Ermənistan sərhəddinə Qazax rayonunundan Daşkəsən rayonuna qədər olan istiqamətə nəzarət edir. Ermənistan ordusunun tərkibində sayca ən böyük hərbi birlik olan 3-cü korpusun qərargahı Vanadzor şəhərində yerləşir. Korpusun tərkibinə daxil olan 246-cı moto-atıcı alay İcevan, 543-cü moto-atıcı alay Noyamberyan və 549-cu moto-atıcı alay Gədəbəy rayonu ilə üzbəüz yerləşən Çəmbərək şəhərindədir.

Qriqori Xaçaturov hələ 2016-cı il iyulun 7-də eks-prezident Serj Sarkisyan tərəfindən korpus komandiri təyin olunmuşdu. Təyin olunduğu ilk gündən Qriqori Xaçaturov Qazax-Tovuz rayonları istiqamətində gərgin situasiya yaratmış, yaşayış məntəqələrinə atəşi intensivləşdirmişdi. Aqressivliyi ilə ad çıxaran Qruqoriu Xaçaturov ölkə daxilində də adının qalmaqallarda hallanmasından sığortalanmamışdı. Belə ki, korpus komandiri təyin olunana qədər, Qriqori Xaçaturov Ararat vilayətində yerləşən Vazgen Sarkisyan adına hərbi hissəsinin komandiri olub və mənfi reputasiya qazanıb.

“Bəzən əsgərləri diz çökməyə və Xaçaturovun hərbi çəkmələrini öpməyə vadar edirdilər. O və “Roj” ləqəbli müavini Vardan Martirosyan hərbi hissəsi kriminal qanunlarla idarə edir, əsgər və zabit-gizir heyətinə fiziki, psixoloji işgəncələr verirdilər”- deyə hüquq müdafiəçisi Artur Sakunts açıqlama vermişdi.

Hüquq müdafiəçisi atasının və Ermənistan rəhbərliyinin himayəsi altında olan Xaçaturovun ağır cinayətlərə yol verdiyini, onun rəhbərlik etdiyi hərbi hissələrdə şəxsi heyət arasında döyüş və qeyri-döyüş itkilərinin xeyli artdığını xatırladıb.

Son illər Dövlət Sərhəd Xidməti də daxil olmaqla, Azərbaycan Silahlı Qüvvələri üçün Qarabağdan sonra ən gərgin cəbhə xəttinin Qazax-Tovuz rayonları istiqamətində yaranması, təxribat-diversiya cəhdləri, yaşayış məntəqələrinin intensiv atəşə tutulması Qriqori Xaçaturovun adı ilə bağlıdır.

İndi isə belə bir qalmaqalı fiqur istefa verərək onsuz da batmaqda olan İrəvan hökuməti gəmisini tərk edib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.