Ukrayna da Saakaşvili ilə bağlı məxfi araşdırma başlatdı
11-02-2016, 12:27
Ukraynanın Daxili İşlər Nazirliyi Saakaşvilinin Ukrayna ordusunun mövqelərini ziyarət etməsi faktını araşdırır.
Axar.az xəbər verir ki, bunu “Novaya qazeta”ya açıqlamasında Donbas əməliyyatlarını həyata keçirən qərargahın sözçüsü Andrey Lısenko söyləyib. Onun sözlərinə görə, Saakaşvilinin Ukraynanın hərbi mövqeləri ilə bağlı yaydığı videoya görə Hərbi Prokurorluqda iş başladılıb və məxfi araşdırma aparılır:
“Saakaşvilinin yaydığı videoda məxfi informasiya açılır. Bu, Ukrayna mövqelərinin tam verilməsi deməkdir. Artıq kadrlarda görünən hərbçilərə qarşı təhdidlər gəlməyə başlayıb. İndi onları oradan geri götürmək lazımdır”.
Qeyd edək ki, yanvar ayında Saakaşvili öz Feysbuk səhifəsində Mariupol rayonunda yerləşən “Ştorm” batalyonunu ziyarət etməsi ilə bağlı görüntlərini paylaşıb. Burada hökuməti kəskin tənqid edən siyasətçi Kiyevin indiyə qədər ordunun vəziyyətinin yaxşılaşdırması üçün heç bir addım atmadığını söyləyib. Kadrlarda həmçinin bir neçə xəritə və döyüşçülərin simaları yer alıb.