Kiyevin mərkəzində hüquq-mühafizə orqanları ilə qarşıdurma baş verib
21-02-2016, 01:01
Kiyevin Müstəqillik meydanında Milli Qvardiyanın əməkdaşları və “Radikal Sağ Sektor” hərəkatının nümayəndələri arasında toqquşmalar baş verib.
Strana.ua saytı xəbər verir ki, radikallar meydanda gecələmək məqsədilə ərazidə çadırlar qurmağa cəhd ediblər. Lakin asayiş keşikçiləri “canlı sədd” quraraq, onlara meydanın mərkəzinə keçməyə mane olublar. Bu zaman Milli Qvardiyanın əməkdaşları və radikallar arasında qarşıdurma baş verib. Məlumata görə, toqquşmada hər iki tərəfdən 150-dək şəxs iştirak edib.
Qeyd edək ki, bu arada “Kazatski” otelində qərargah qurmuş radikal sağçı qüvvələrin nümayəndələri hökumətə öz tələblərini irəli sürüblər.
Məlumata görə, radikallar tərtib etdikləri siyahıda adları çəkilən siyasi məhbusların azadlığa buraxılmasını, meydanda çadır şəhərciyinin qurulmasına mane olmamağı tələb ediblər.
Qərargah nümayəndələri, həmçinin, prezident və hökumətin istefasını tələb edirlər. Onlar sabah, fevralın 21-də, meydanda “xalq toplantısı”nın keçiriləcəyini elan ediblər.