Yaponiya ilə Çin arasında qalmaqal- XİN rəhbəri Pekinə səfərdən imtina etdi

21-02-2016, 13:02           

Yaponiyanın xarici işlər naziri Fumio Kişida yazda Çinə planlaşdırdığı səfərindən imtina edib.

Kyodo agentliyinin məlumatına əsasən, bu bardə qərarın qəbulu Çinin Cənubi Çin dənizində fəallaşması ilə əlaqədardır. Agentliyin adını çəkmədiyi diplomatik mənbənin bildirdiyinə görə, tərəflərin mövqelərinin kəskin fərqləndiyi bir vaxtda belə səfərin heç bir əhəmiyyəti yoxdur. Səfərin təxirə salınmasına digər səbəb isə Koreya Xalq Demokratik Respublikası tərəfindən bu yaxınlarda kosmik süni peykin buraxılışına Pekinin kifayət qədər kəskin reaksiya verməməsidir.

Çinə səfər etmək niyyəti barədə F.Kişida yanvarın 19-da Tokioda Yaponiya Beynəlxalq Problemlər İnstitunun forumunda bildirmişdi. Səfərin 2016-cı ilin yazında baş tutması planlaşdırılırdı.

Azərtac xəbər veriri ki, Pekin Cənub Çin dənizindəki süni adalarda hava hücumundan müdafiə kompleksi yerləşdirib. Bu əraziyə Çindən başqa, Tayvan, Malayziya, Filippin, Bruney və Vyetnam da iddialıdır. Neft və qazla zəngin olduğu güman edilən Skarboro rifi və Spratli arxipelaqı ətrafında vəziyyət xüsusən gərgindir. Bundan əlavə, arxipelaq adaları strateji əhəmiyyətə malikdir və Çinin burada uçuş-enmə zolağı yaratması, onun mövqeyini regionda xeyli gücləndirir.

Yanvarın 2-də Cənubi Çin dənizində yerləşən mübahisəli arxipelaqda Çin tərəfindən yaradılan süni adaya təyyarənin enməsindən sonra, Vyetnam Xarici İşlər Nazirliyi bu ölkəyə nota təqdim edərək onu suverenliyin pozulmasında ittiham edib. ABŞ Dövlət Departamenti də yanvarın 4-də bəyan edib ki, “bu hadisə regionda gərginliyi artırır və sabitliyi təhdid edir”.

Oktyabrın 30-da isə Pekin Cənubi Çin dənizindəki adaların mənsubiyyəti barədə Haaqa Beynəlxalq Məhkəmə Arbitirajının dinləmələrində iştirakdan imtina edib. Filippinin iddiasına əsasən başlanan dinləmələrdən imtina edən Pekin bildirib ki, Çin bu məsələnin məhkəmə yolu ilə həllini qəbul etmir.

Pekin dəfələrlə bəyan edib ki, mübahisəli adalar tarixən Çin ərazisidir və onun bu ərazilər üzərində suveren hüquqları mübahisə doğura bilməz.

Ötən ilin dekabrında ABŞ Çinin ərazi iddialarına cavab olaraq, Sinqapurda “P-8 Poseidon” kəşfiyyatçı təyyarələrini yerləşdirdiyini elan edib.
teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.