“İndi onlar hər şey edə bilərlər..." - Britaniya demokratiya tərəfdarlarını məyus etdi...
28-10-2021, 07:35

Minlərlə epizod, yüzlərlə məhkəmə iddiası və bir nəfər belə məhkum yox - Britaniya hökuməti 2003-cü ildən 2009-cu ilə qədər krallığın hərbçiləri tərəfindən İraq vətəndaşlarına qarşı törədilmiş cinayətlərin təhqiqatını bağladı. Və onlar ictimaiyyəti - ilk növbədə hüquq müdafiəçilərini qəzəbləndirdi.
Moderator.az son illərin ən səs-küylü hadisəsi haqqında “RİA Novosti”nin materialını oxucularına təqdim edir.
Cəzasız cinayətlər
“Kömək edin, nəfəs ala bilmirəm!” - boz köynəkli, başına torba salınmış kişi yalvarır. “Sus və dediklərimi et!”, - deyə ingilis əsgəri ona qışqırır. O, həbs olunan şəxsə çömbəlməyi, iki saniyədən sonra ayağa qalxmağı əmr edir.
“Məşq” bir neçə saat davam edib. Bəsrə sakini 26 yaşlı Baha Musa 2003-cü ilin sentyabrında nümunəvi sayılan Lankaşir Kral alayının 1-ci batalyonunun əsgərləri tərəfindən saxlanılıb. Həbsin səbəbini izah etməyib onu daima döyürdülər. Gənc üç günlük işgəncədən sonra çoxsaylı sınıqlar nəticəsində dünyasını dəyişdi.
Musaya yeddi əsgər işgəncə verirdi. Onları qəddar münasibət və mülki şəxslərə işgəncə verilməsini qadağan edən Cenevrə Konvensiyasını pozmaqda ittiham etdilər. Ancaq yalnız kapral Donald Peyn həbsxanaya yollandı , çünki günahını boynuna alan yeganə şəxs o oldu. Bir il sonra, 2007-ci ilin yazında o, sərbəst buraxıldı.
Bu hadisə yeganə hal deyildi. 2003-cü ilin aprelində həmin Bəsrədə İraq polisinin zabiti Raid əl-Məssavini kral qoşunlarının sıravi əsgəri (adı ictimaiyyətdən gizlədilib) öldürmüşdü. Onun komandiri, mayor Kristofer Suss-Franksen hesabatında yazmışdı ki, Məssavi birinci olaraq döyüşçülərə atəş açıb və onlar “bunu həyat üçün təhlükə hesab edərək, lazımi tədbirlər görüblər”.