Rusiya generalı tankların Baltik ölkələrinə yeridilməsi planı haqda
24-03-2016, 21:00
Rusiya müdafiə nazirinin müavini, general Anatoli Antonov Moskvanın Baltik ölkələrini işğal edəcəyinə dair son vaxtlar artan narahatlıqları şərh edib. Virtualaz.org xəbər verir ki, general “Deutsche Welle” radiosuna müsahibəsində Rusiyanın Baltik ölkələrinə hərbi müdaxilə planının olmadığını deyib. “Rusiyanın öz tanklarını Baltik ölkələrinə, Sofyaya və ya Budapeştə yeritməyə hazırlaşdığı haqda qorxulu xəbərlərin yayılmasına son qoymaq lazımdır. Heç kim bunu etməyə hazırlaşmır. Belə plan yoxdur”-müdafiə nazirinin müavini deyib.
General əlavə edib ki, Rusiya ümumiyyətlə, müharibə istəmir: “Rusiyanın döyüşə hazırlaşdığı haqda deyilənlər sadəcə gülməlidir”. Anatoli Antonovun sözlərinə görə, Baltikyanı ölkələrin siyasətçiləri əhalini rus tankları ilə qorxutmaqla əslində köhnə tryukdan istifadə edirlər. “Baltik ölkələrində “ruslar gəlir, qaçın, imkan tapıb xilas olun” deyə qışqırırlar. Bu, çox köhnəlmiş tryukdur. O, hələ də işləyir və hökumətdən müdafiə sahəsi üçün daha çox pul qopartmaqda, habelə Almaniya, Fransa, İtaliya və İspaniya kimi ölkələrdən maliyyə dəstəyi almaqda işə yarayır”-Rusiya müdafiə nazirinin müavini deyib.
Rusiyanın Baltik ölkələrinə müdaxilə edəcəyi barədə narahatlıqlar Krımın ilhaqından və Ukraynanın şərqində baş verənlərdən sonra artıb. Region ölkələri rəsmən NATO-ya müraciət edərək Rusiya təhlükəsinə qarşı həbi dəstək xahiş ediblər. Artıq ABŞ Baltik ölkələrinə və bir sıra Şərqi Avropa ölkələrinə minlərlə həbçi, zirehli texnika göndərmək planının icrasına başlayıb. Pentaqon Rusiyanı hazırda “bir nömrəli təhdid” hesab edir. Rusiya isə Baltik ölkələrinin sərhədləri yaxınlığında kəşfiyyat xarakterli reydləri intensivləşdirib, Kalininqrad vilayətindəki qoşun qruplaşmasını gücləndirib.