Vaşinqtonda həlledici diplomatiya: sülh sazişi razılaşdırılıb - GƏLİŞMƏ
Bu gün, 08:06

Azərbaycan və Ermənistan rəhbərlərinin eyni vaxtda ABŞ-nin paytaxtı Vaşinqtonda olması Cənubi Qafqazda sülh danışıqları baxımından yeni mərhələnin başlanması kimi qiymətləndirilir.
Teleqraf-ın əldə etdiyi məlumatlara görə, ABŞ tərəfinin təşəbbüsü ilə keçirilən görüşlərdə əsas məqsəd Azərbaycan və Ermənistan arasında sülh sazişinin razılaşdırılması və onun imzalanması üçün hüquqi və siyasi baza yaratmaqdır.
Azərbaycan tərəfi görüşlərə aydın və dəyişməz gündəmlə qatılıb. Bakıdan verilən açıqlamalara əsasən, sülh sazişinin imzalanması üçün Ermənistan:
• Azərbaycanın ərazi bütövlüyünü rəsmən tanımalı,
• Konstitusiyasından Qarabağla bağlı separatçı müddəaları çıxarmalı,
• Zəngəzur dəhlizinin Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz keçid formatında açılmasına razılıq verməlidir.
Eyni zamanda, sərhədlərin delimitasiyası və demarkasiyası prosesinin Azərbaycan xəritələrinə uyğun şəkildə aparılması vacib şərt olaraq irəli sürülür.
Ermənistan isə hələlik "Zəngəzur dəhlizi" terminini qəbul etmir və bu dəhlizin açılmasını yalnız öz suveren nəzarəti altında mümkün hesab edir. Bununla belə, danışıqların intensivləşməsi və tərəflərin ABŞ vasitəçiliyi ilə masa arxasına əyləşməsi pozitiv siqnal kimi dəyərləndirilir və dəhlizin açılması real görünür.
Diplomatik mənbələrin Teleqrafa verdiyi qeyri-rəsmi məlumata görə, sülh sazişinin ilkin maddələri üzərində razılaşma əldə olunub və danışıqlar təfərrüatlar üzərində aparılır. Daxidəkli təzyiqlərə baxmayaraq, Ermənistan rəhbərliyinin bu sazişə imza atması sülh prosesinin taleyini müəyyən edəcək əsas faktordur.
Ekspertlər hesab edirlər ki, Vaşinqton görüşləri Azərbaycanın diplomatik mövqeyini daha da gücləndirir və proseslər ona Qərb platformasında liderlik imkanı yaradır.
Hazırda tərəflər mediaya rəsmi açıqlama verməsə də, Vaşinqton görüşlərinin yekununda birgə bəyanat və ya anlaşma sənədi imzalanacağı istisna edilmir.
Görüşlərin nəticələri yaxın saatlarda məlum olacaq.