Bu şirkət Astarada kanalizasiya sistemini 41,5 milyona quracaq
Bu gün, 08:24

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) Astara şəhərinin kanalizasiya sisteminin tikintisini həyata keçirəcək podratçı şirkətlə razılaşıb.
İqtisadiyyat.az xəbər verir ki, tikinti işlərinin icrası “T.T.Ş.-İnşaat” MMC - yə həvalə edilib.
Agentliyin tabeliyindəki Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti bununla bağlı artıq sözügedən şirkətlə müqavilə bağlayıb.
Müqaviləyə əsasən, Astara şəhərinin kanalizasiya sisteminin tikintisi 41,5 milyon manata başa gələcək.
Qeyd edək ki, “T.T.Ş.-İnşaat”ın əsas fəaliyyət istiqamətlərindən biri iri infrastruktur layihələrinin həyata keçirilməsidir. Azərbaycandan başqa, “T.T.Ş.-İnşaat” Gürcüstan, Qazaxıstan və Özbəkistanda da müxtəlif infrastruktur layihələrində iştirak edir.
Şirkət 2008-ci ildən etibarən Azərbaycanın müxtəlif regionlarında su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması, bərpası, eləcə də sutəmizləyici qurğuların inşası layihələrini uğurla həyata keçirir.
Şirkətin nizamnamə kapitalı 27 411 149 manat, qanuni təmsilçisi Məmmədov Xalıqverdi Malça oğludur. Şirkətin prezidenti Qorxmaz Paşayevdir. O, eyni zamanda “Alıbəyli” Kooperativinin, “Alıbəyli” Kiçik Müəssisəsinin və “Alıbəyli Şirkəti” MMC-nin prezidentidir.