ABŞ Maliyyə Nazirliyi 1 milyard dollardan çox vəsaiti mənzil kirayəsinə yardım üçün yönəldəcək
10-01-2022, 16:34

ABŞ Maliyyə Nazirliyi 1,1 milyard dollar vəsaitin pandemiya dövründə mənzil kirayəsinə yardım kimi bölüşdürəcəyini bildirib. Maliyyə yardımı vəsaitin sərf olunmadığı ştatlardan daha yüksək tələbat olan regionlara yönəldiləcək.
AZƏRTAC xəbər verir ki, Kaliforniya təkrar ayrılmış vəsait qismində təqribən 50 milyon dollar, yəni hər hansı digər ştatdan daha çox vəsait alacaq. Nyu-Cersiyə – 43 milyon, Nyu-Yorka – 27 milyon, Kolumbiya dairəsinə isə 18 milyon dollar vəsait ayrılacaq. Yerdə qalan vəsait bütün ölkə üzrə yerli hakimiyyət orqanları ilə hindu qəbilələri arasında bölüşdürüləcək.
Bu, ödəmələrin birinci mərhələsidir. Belə ki, Maliyyə Nazirliyi COVID-19 pandemiyası dövründə ABŞ Konqresinin tətbiq etdiyi mənzil kirayəsinə təcili yardım proqramı çərçivəsində 46,5 milyard dollar vəsaitin yenidən bölüşdürülməsi üzərində işləyir. Vəsaiti əvvəlcədən əldə edənlər ötən ilin noyabrınadək bu vəsaitin 15 faizini sərf etmədikləri təqdirdə onun itkisi ilə qarşılaşmışdılar.
Maliyyə Nazirliyi vurğulayıb ki, mənzil kirayəsində təcili yardım proqramları pandemiya dövründə sakinlərin mənzillərdən köçürdülməsinin qarşısının alınması üçün səmərəli vasitə olub. Köçürdülməyə dair moratoriumun avqust ayında ləğv edilməsinə baxmayaraq, bu göstərici pandemiya başlananadək olan tarixi səviyyədən 60 faiz aşağı mövqedə qalıb.