Xamenei Trampı “Twitter”-də təhdid etdi, hesabı bloklandı

17-01-2022, 08:43           
Xamenei Trampı “Twitter”-də təhdid etdi, hesabı bloklandı
“Twitter” sosial media platforması şənbə günü bildirib ki, ABŞ-ın keçmiş prezidenti Donald Trampa qarşı yüksək rütbəli generalın öldürülməsinə görə qisas almağa çağıran videonun yayımlandığı İranın ali lideri Ayətullah Əli Xamenei ilə əlaqəli hesabı həmişəlik blok edib.

“Sözügedən hesab qadağadan yayınma siyasətimizi pozduğuna görə həmişəlik blok edilib”, - “Twitter” sözçüsü Fransa xəbər agentliyi AFP-yə bildirib.

@KhameneiSite hesabında bu həftə iki il əvvəl Bağdadda İranın yüksək səviyyəli komandiri general Qasım Süleymaninin ölümü ilə nəticələnmiş dron hücumu əmrini verən Trampı hədəf alan pilotsuz təyyarəni göstərən animasiya videosu yerləşdirilib.

Ali lider Ayətullah Əli Xameneinin müxtəlif dillərdə başqa əsas hesabları aktiv olaraq qalır. Keçən il "Twitter" Trampdan qisas almaqdan bəhs edən yazıya görə daha bir oxşar hesabı dayandırmışdı.

“Qisas mütləqdir” başlıqlı son video da Xameneinin rəsmi saytında yerləşdirilib.

Qasım Süleymani və onun iraqlı müavini 2020-ci ildə yanvarın 3-də Bağdad hava limanı yaxınlığında ABŞ-ın pilotsuz təyyarəsinin zərbələri nəticəsində öldürülüb.

Xamenei dəfələrlə onun ölümünə görə qisas alacağına söz verib.

Yanvarın 3-də hava hücumunun ikinci ildönümündə ali lider və ultra-mühafizəkar prezident İbrahim Rəisi bir daha ABŞ-ı qisasla hədələyib.

Tramp tərəfdarları platformada ABŞ-ın avtoritar hesab etdiyi bir neçə liderin hesablarını yerləşdirməyə icazə verildiyini vurğulayaraq, mütəmadi olaraq respublikaçı milyarderin “Twitter”-də hesabının qadağan olunmasını pisləyir.
virtualaz












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.