Yapon mühəndisliyinin möcüzəsi - Dəhşətli zəlzələdən ölkənin 41 ölü ilə çıxmasının sirri nədir?
18-04-2016, 13:10
Son iki gündə Yaponiyanın cənubunu silkələyən zəlzələlər nəticəsində həlak olanların sayı 41 nəfərə çatıb. İki mindən çox insan xəstəxanalara yerləşdirilib və onlardan 170-nin vəziyyəti çox ağırdır. Xəbər verdiyimiz kimi, ötən gecə Yaponiyanın cənub-qərbini silkələyən silsilə zəlzələlər baş verib və onlardan ən güclüsü 7,3 bal gücündə olub. Təbii fəlakət nəticəsində çoxsaylı dağıntılar və torpaq sürüşmələri qeydə alınıb.
Meteoroloqların məlumatına görə, zəlzələnin afterşokları hələ də davam edir. Axtarış-xilasetmə əməliyyatlarında özünümüdafiə qüvvələrinin, polis və yanğınsöndürmə idarəsinin 20 mindən çox əməkdaşı iştirak edir.
Yaponiyanın asfalt yolların belə darmadağın olduğu güclü zəlzələdən belə az tələfatla, cəmi 41 nəfərin ölümü ilə çıxması heyrət doğurmaya bilməz. Çünki eyni zəlzələ qonşu İran və Türkiyə dövlətlərində, İndoneziyada baş verdiyi zaman minlərlə insan həlak olmuşdu. Bəs, görəsən, ildə bir neçə dəfə təbii fəlakətlə üzləşən bu ölkəni zəlzələlər qarşısında dözümlü edən nədir? Yapon mühəndisliyinin sirri nədədir ki, orada hündürmərtəbəli binalar bu cür güclü zəlzələdə dağılmır? Allah göstərməsin, eyni balda zəlzələ Azərbaycanda olsa, nə baş verər?
AMEA Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli “Yeni Müsavat”ın suallarına cavab verərkən bildirdi ki, Yaponiyada evlər xüsusi texnologiya ilə tikilir və orada tikililərə qoyulan seysmik tələblər həddindən artıq sərtdir: “Zəlzələ zamanı insanların ölümünə səbəb olan birinci faktor tikililərin uçması və insanların dağıntılar altında qalmasıdır. Bu baxımdan Yaponiyanın özünün tikinti üzrə xüsusi texnologiyaları var. Orada binaları elə tikirlər ki, maksimum dərəcədə seysmikliyə davamlı olsun. Ona görə də, orada tələfat az olur. Onlar binaları zəlzələ dalğasının təsirinə uyğun olaraq, elə konstruksiya üzrə qururlar ki, tərpəniş zamanı dağılmasın. Mən dəfələrlə yapon seysmoloqlarla bu barədə müzakirələr aparmışam. Onlar hətta deyirlər ki, binanın altına ”purjin" və elə bir təbəqə qoyurlar ki, dalğaları ötürür. Bunlar ilk növbədə binaların zəlzələyə davamlılığını artırmaq üçündür. İranda da dəfələrlə olmuşam. Evlərin əksəriyyəti torpaqdan, çiy kərpicdən tikilib. Damlar isə torpaqdan, samandan ibarətdir. Digər tərəfdən ailələri də çoxuşaqlıdır. Bəzən bir dam altında 8-10 nəfər yaşayır və ev uçanda hamısı həlak olur. İnsan tələfatının artması da bundan irəli gəlir".
Azərbaycanda binaların zəlzələyə davamlılığına gəlincə, Q.Yetirmişli bildirdi ki, ölkəmizdə buna nəzarəti FHN-in Tikintiyə Nəzarət Agentliyi həyata keçirir: “Binaların hamısı bu qurum tərəfindən yoxlanılır və qəbul olunur. Elə binalar var hələ də qəbul olunmayıb, hətta qaz da verilməyib. Yüzlərlə binaya bu agentlik rəy verməyib ki, tikinti normativlərinə uyğun deyil. Səbəb isə ya binanın tikilişinin layihədən kənara çıxmasıdır, ya da tikinti materiallarının keyfiyyətsiz olmasıdır. Bu baxımdan Fövqəladə Hallar Nazirliyi tərəfindən bu məsələlərə ciddi nəzarət olunur. Biz indi alman mütəxəssisləri ilə həm keçmiş, həm də yeni tikililərin qiymətləndirilməsi ilə bağlı bir layihəyə başlamaq istəyirik. O zaman mən daha əminliklə deyə bilərəm ki, hansı binaların istismar müddəti bitib, hansı binalar zəlzələyə daha davamlıdır. Təbii ki, yüz il bundan öncə tikilmiş binalar artıq sökülməlidir. Çünki onlar zəlzələyə dözməz. Həmçinin, fərdi şəkildə necə gəldi tikilən evlərin də zəlzələyə dözümlülüyü yoxlanmalıdır”.
Tikinti məsələləri üzrə ekspert Nüsrət İbrahimov isə “Yeni Müsavat”a açıqlamasında qeyd etdi ki, Yaponiyada evlər daha çox metal konstruksiya ilə tikilir və zəlzələ zamanı sürüşsə də, dağılmır: “Yaponiya seysmik zonadır. Orada hər il güclü zəlzələlər olur. Bu səbəbdən Yaponiyada evlərin tikintisinə seysmik tələbat çox güclüdür. Təxminən 9-10 bal səviyyəsindədir. Orada tikilən binaların çoxu metal konstruksiya ilə tikilmiş evlərdir. Hansı ki, zəlzələ zamanı sürüşə bilir, ancaq dağılma ehtimalı çox azdır. Ona görə də tələfat az olur. Türkiyədə İranda isə evlərin çoxu torpaq evlərdir, qədimdən tikilən evləridir. Bu ölkələr o qədər də seysmik zona sayılmadığından evlərin tikintisində tələblər də güclü deyil. Bu ölkələrdə seysmik tələblər 8 bal səviyyəsindədir. Ona görə, də orada güclü təkanlar olduğu zaman tələfat da çox olur. Azərbaycanda isə əvvəl seysmik tələb 8 bal idi, sonuncu güclü zəlzələdən sonra 9 bala qaldırıldı. Yeni tikilən binalar hamısı 9 bal gücünə hesablanmış binalardır. Allah Azərbaycandan uzaq etsin, əgər bizdə belə bir zəlzələ olsa, yəqin ki, köhnə binaların dağılma ehtimalı daha çoxdur. Bu binaları Fövqəladə Hallar Nazirliyinin xüsusi institutu yoxlayır və Bakıda nə qədər belə binanın olması haqda onlar daha dəqiq məlumat verə bilərlər”.