AŞ-nin komissarına Azərbaycan hərbçilərinin meyitləri üzərində zorakılıq barədə sual ünvanlanıb
18-04-2016, 21:44
Avropa Şurasının insan hüquqları üzrə komissarı Nils Muijnieks 2015-ci il üçün fəaliyyəti haqqında AŞPA qarşısında hesabatla çıxış edib. APA-nın Avropa bürosunun xəbərinə görə, sonra komissar assambleya üzvlərinin suallarını cavablandırıb.
Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Qənirə Paşayeva komissara aşağıdakı sualı ünvanlayıb:
“Bizim AŞPA-dakı nümayəndə heyətimiz Ermənistanın cəbhə bölgələrində mülki Azərbaycan vətəndaşlarına qarşı təxribatları ilə bağlı sizə müraciət göndərib. Ön cəbhədə baş verən son hadisələr zamanı Azərbaycan beynəlxalq hüquq normalarına, beynəlxalq humanitar normalara tamamilə uyğun şəkildə həlak olanların cəsədlərinin dəyişdirilməsinə əməl etdi. Amma biz Azərbaycana geri verilən hərbçilərinin cəsədlərinə qarşı Ermənistan tərəfindən həyata keçirilən qeyri-insani əməlləri, cinayətləri gördükdə şoka düşdük. Bizim əlimizdə Ermənistanın həyata keçirdiyi bu qeyri-insanı əməlləri, cinayətləri sübut edən çoxlu fotolar var. Sizin insan haqları komissarı kimi Ermənistan silahlı qüvvələrinin bu cinayətlərinə münasibətinizi bilmək istərdik”.
N. Muijnieksin cavabı belə olub: “Dağlıq Qarabağ münaqişəsinə və sizin qeyd etdiyiniz insan hüquqları pozuntularına gəldikdə, mən də bundan çox narahatam. Münaqişə baş verdikdə, alovlandıqda insan itkiləri olur, insan hüquqları pozulur və mən bu münaqişədə insan itkilərinə çox üzgünəm. Mən bütün tərəfləri gərginliyə son qoymağa, zorakılıqdan əl çəkməyə və Beynəlxalq Qırmızı Xaç Cəmiyyəti ilə yaxından əməkdaşlığa, humanitar hüquqa əməl etməyə çağırıram. Burada təbii ki, bizim diqqətimizi çəkən başqa bir məsələ də itkin düşmüş insanlardır. Vaxt uzandıqca bu məsələləri də araşdırmaq bir o qədər çətin olur. Çünki vaxt keçdikcə, bu məsələlərdə şahidləri tapmaq çətinləşir. Düzdür, qeyd etdiyiniz məsələlər haqqında mənə müraciətlər daxil olub, bu, çox ciddi məsələdir və mənim üçün də bu haqda şərh vermək olduqca çətindir. Çünki bu münaqişə zamanı yerlərdə çox az beynəlxalq müşahidəçilər fəaliyyət göstərib. Bununla belə, sizin narahatlığınızı çox yaxşı anlayıram və bu məsələləri diqqətdə saxlamaq üçün bütün tərəflərlə təmaslarımı davam etdirirəm”.