“Putin istədiyi hər şeyi əldə etdi”

Bu gün, 10:54           
“Putin istədiyi hər şeyi əldə etdi”
Almaniyanın Rusiyadakı keçmiş səfiri Rüdiger fon Fritsch Alyaskadakı sammit barədə kəskin nəticə çıxarır. Onun sözlərinə görə, görüş zəif hazırlanmışdı. Putin Trampı öz tərəfinə çəkməyi bacarıb.
ARD: Alyaskada baş verməyənlərdən hamımız bir az təəccübləndik. Siz də?
Rüdiger fon Fritsch: Əgər son vaxtlar Donald Trampın necə davrandığına, nə dediyinə baxsaq, təəssüf ki, tamamilə təəccüblənmək olmaz. Burada məsələ nədir? Bizim dəhşətli bir təcavüz müharibəmiz var – bir ölkənin digərinə hücumu. Əvvəllər bizim təbii gözləntimiz bu olardı ki, “azad dünyanın lideri” adlandırılan şəxs həmişə qurban olan tərəfə dəstək verəcək və ədalətin təmin olunmasına çalışacaq. Bu baş verdi? – Xeyr, baş vermədi.
Burada gözlənilən əsas məsələ – yəni şərtsiz atəşkəs – reallaşmadı. Bu, ilk mühüm mesajdır.
Əksinə, Rusiya prezidentinə təkcə Tramp ilə görüş, qırmızı xalça və böyük diqqət qazanmaqla möhtəşəm uğur əldə etmək deyil, həm də Amerika prezidentini az qala öz tərəfinə çəkmək nəsib oldu. Trampın bəyanatlarından görünür ki, o deyir: “Əsas bir məsələ üzrə razılıq yoxdur.” Bu məsələ isə atəşkəs olmalı idi.
Çox güman ki, Putin Trampa açıq dedi: “Atəşkəs yalnız bu şərtlə mümkündür…” Tramp isə cavab verdi: “Bunu indi vəd edə bilmərəm, amma Zelenski ilə danışaram.” Bu isə psixoloji və diplomatik baxımdan Putinin uğurudur: Tramp özünü az qala Putinin nümayəndəsi kimi göstərir və deyir ki, “Mən onları razı salmağa çalışaram.”
“Putin bir millimetr də geri çəkilməyib”
ARD: Bu, Ukrayna üçün nə deməkdir? Bu, çox pis bir başlanğıc vəziyyət deyilmi?
Von Fritsch: Ukrayna və Avropanın gələcək təhlükəsizliyi üçün bu, həddindən artıq pis bir vəziyyətdir. Sual budur: Tramp Putinin maraqları naminə təzyiq göstərəcəkmi, yoxsa sadəcə məsuliyyətdən yayınmaq üçün “Mən çalışdım, amma ukraynalılar torpaq vermək istəmirlər, mən nə edə bilərəm?” deyəcək?
Putinin bəyanatına baxanda aydın görünür ki, o, yenə də ilkin mövqeyindən – maksimum tələblərindən – bir millimetr də geri çəkilməyib. O, həlledici bir cümlə işlədir: “Tramp və mən razılaşdıq, ümid edirəm ki, ukraynalılar və avropalılar bunu pozmayacaqlar.” Bu isə göstərir ki, Tramp əslində Putinin mövqeyini qəbul edib.
“Rusiya Vitkoffu tamamilə aldadıb”
ARD: Adətən belə sammitlərdə diplomatlar əvvəlcədən razılıqlar əldə edirlər və prezidentlər sadəcə elan edirlər. Amma burada belə olmayıb.
Von Fritsch: Təəssüf ki, ümumiyyətlə olmayıb. Hazırlığı kim edib? Cənab Vitkoff [Stiv Vitkoff, Trampın xüsusi nümayəndəsi, diplomat deyil, keçmiş daşınmaz əmlakçı – red. qeyd]. Mən daşınmaz əmlakçı haqqında pis danışmaq istəmirəm, amma mən təqaüddə olan diplomat kimi gedib Eyfel qülləsini satmağa çalışmazdım. Onun verdiyi müsahibələrə və sonrakı açıqlamalara baxsaq, rus tərəfi onu tamamilə aldatmağı bacarıb.
Trampın çıxışlarında isə bir daha görünür ki, onun üçün əsas məsələ iqtisadi maraqlardır. Fox News müsahibəsində jurnalistin ilk sualına cavab olaraq Tramp deyir: “Rusiya möhtəşəm ölkədir. Onlarda nadir metallar, neft, qaz var.” Bu nə deməkdir? Biz burada müharibəni həll etməyə çalışırıq, yoxsa Amerikanın iqtisadi maraqlarını təmin etməyə?
“Tramp XIX əsr kateqoriyalarında düşünür”
ARD: Trampın Putinə və Zelenskiyə münasibətini müqayisə edəndə, bu hər an dəyişə bilərmi?
Von Fritsch: Bu müqayisə çox şey göstərir: Tramp xarici siyasətdə XIX əsr düşüncəsi ilə hərəkət edir. Yəni böyüklər öz aralarında razılaşır, kiçiklərə isə sadəcə hara oturacaqları deyilir.
Üstəlik Trampın böyük iqtisadi maraqları var. Təəssüf ki, Amerika diplomatiyası da zəifləyib və kiminlə qarşı-qarşıya olduqlarını düzgün təhlil edə bilmir. Xarici işlər naziri deyir: “Mən bilirəm, Putin sülh istəyir.” Amma Putin sülh yox, qələbə istəyir. Əgər sülh istəsə belə, yalnız Ukraynanın tam təslim olması şərtilə.
“ABŞ qarşı tərəfi düzgün dəyərləndirməyib”
ARD: O üç saatlıq görüşdə nə baş verdi? Tramp əsəbləşdimi, yoxsa amerikalılar sadəcə zəif hazırlaşmışdılar?
Von Fritsch: Mənim fikrimcə, ikinci hal doğrudur. ABŞ tərəfi zəif hazırlaşmışdı. Qarşı tərəf haqqında aydın təsəvvürləri yox idi. Sonrakı açıqlamalardan da görünür ki, yalnız bir tərəf – rus tərəfi – tamamilə üstün gəlib.
Vladimir Putin istədiyi hər şeyi əldə etdi: beynəlxalq səhnəyə çıxış, Trampın diqqəti və üstəlik, öz ultimatium şərtlərini yenidən elan etmək imkanı. Və Tramp sanki onun tərəfini tutdu.
ARD: Növbəti görüş üçün Moskvaya dəvət oldu. Sizcə, Tramp ora gedəcəkmi?
Von Fritsch: Tramp bunu yumşaltmağa çalışdı. Amma tamamilə istisna etmirəm. Görünür, dəvət onu bir az təəccübləndirdi və narahat etdi.
Müsahibəni Susan Link və Sven Lorig ARD-Morgenmagazin üçün aparıblar. Mətn qısaldılmış və yazılı formaya uyğunlaşdırılmışdır.
Sarvan Səmədoğlu
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru