Maliyyə resursları tükənir: - Rusiya tezliklə Qarabağdan da çıxacaq
1-06-2022, 17:18

“Kremlin Ukraynada apardığı işğalçı müharibə Rusiyanın hərbi və müharibəyə xərclənən maliyyə resurslarını tükəndirir”. Bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib. Analitik bildirib ki, mövcud çətinliyə görə, Rusiyanın Ukrayna ilə yanaşı daha iki istiqamətdə - Suriya və Qarabağda hərbi varlığını davam etdirməsi çətinləşir:
“Kreml seçim edərkən Suriyadakı hərbi varlığını minimuma endirmək qərarına gəlib. Bu, Türkiyənin Suriya ərazisində mövqelərini gücləndirmək üçün yeni imkanlar açır. Moskva Türkiyənin Suriyada PKK və onun törəmələrinə qarşı mübarizəsini əngəl olmaq istəmir.
Əksinə, Rusiya Xarici işlər naziri Sergey Lavrov Suriyadakı kürdlərin ABŞ-la ittifaqından narahat olduqlarını və bu mənada Türkiyəni anladıqlarını bildirir. Lavrov bu açıqlamanı Kreml sahibi Vladimir Putinin təlimatıyla səsləndirir. Qərbin Rusiyaya qarşı sərtləşən sanksiyaları fonunda Putinin Türkiyə ilə sıx münasibətlərə əvvəlkindən daha çox ehtiyacı var. O ki qaldı Qarabağa, elə etməliyik ki, Kreml hərbçilərini yaxın gələcəkdə ərazimizdən də çıxarmaq barədə qərar qəbul etsin.
Bu məsələnin həllində də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rolu olacaq. Rusiyanın Suriyanı tədricən tərk etməsinin eynisinin Qarabağda həyata keçirilməsi imkanlarının Bakıda müzakirə edildiyi istisna deyil”.