İslam aləminə böyük müjdə!
30-05-2016, 00:31
Ramazan bayramında müsəlmanlar arasında təqvimdə birliyi təmin etmək məqsədi ilə əhəmiyyətli addım atılır.
İslam dünyası fərqli tarixlərdə bayram keçirmək məsələsini uzun müddətdir müzakirə edir.
Sputnik haber3-ə istinadla xəbər verir ki, ilk dəfə 1966-ci ildə müsəlmanlar arasında bu ixtilafların olmaması üçün təşkil edilən konqres 50 il sonra bu dəfə son nöqtəni qoymaq üçün toplanacaq.
Türkiyənin Diyanət İşləri Başqanlığı, Avropa Fətva və Araşdırma Məclisi, Boğaziçi Universiteti Kandil Rəsədxanası və İslam Hilal Müşahidə Layihəsi ilə birgə əməkdaşlıq çərçivəsində konqres 28-30 may tarixləri arasında İstanbulda keçiriləcək.
Türkiyənin Diyanət İşləri Başqanı Mehmet Görmez konqresi giriş sözü ilə açacaq.
Konqresə hazırlıq işləri çərçivəsində, ilk etapda dünyanın müxtəlif yerlərindən gələn təqvim təkliflərini qiymətləndirmək üçün fiqh və astronomiya alimlərindən ibarət bir “Elm heyəti” yaradılıb.
Bir qismi hələ də tətbiq olunmaqda olan 10-dan çox təqvim layihəsi konqresə hazırlıq çərçivəsində müzakirə edilib.
Müzakirələr və qiymətləndirmələr nəticəsində iki təqvim layihəsi konqresdə müzakirə ediləcək.
Konqresə Türkiyə, Misir, Malayziya, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, ABŞ, Qətər, Mərakeş, İordaniyanın da aralarında olduğu 50-ə yaxın ölkədən elm adamları, astronomlar və digər səlahiyyətlilər qatılacaq.
Mütəxəssislər təqvim məsələsində birliyin təmin edilməsi ilə bağlı təkliflərini təqdim edəcəklər.