"JEK"lərin xidmət haqqı toplaması qanunidir? - AKTUAL

Dünən, 10:36           
 "JEK"lərin xidmət haqqı toplaması qanunidir? - AKTUAL
Bu gün fəaliyyəti sual yaradan strukturlardan biri də çoxumuzun “JEK” kimi tanıdığı Mənzil Kommunal İstismar Sahələridir. Bu strukturlar bu gün də fəaliyyət göstərir və göstərdiyi xidmətlər müqabilində vətəndaşlardan xidmət haqqı alır.

Bəs bu qanunidirmi?

Əmlak Məsələləri üzrə ekspert Ramil Qasımzadə Trend-ə bildirib ki, Mənzil Kommunal İstismar Sahələrinin vətəndaşlardan məişət tullantılarının daşınması və yaşayış yeri üçün nəzərdə tutulan xidmət haqqı olaraq kommunal xidmət tutmaq haqqı var:

“Bu, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən tənzimlənir. Bu il Tarif Şurası tərəfindən də dəyişiklik edildi. Məişət tullantılarının daşınması haqqı adambaşına aylıq 1 manat müəyyən edildi. Sahəsindən asılı olaraq hər kvadratmetri 2 qəpik olmaqla da xidmət haqqı tutulur”.

O qeyd edib ki, bu ödənişlərin alınması qanunvericiliyə uyğundur:

“Bu xidmətlərə məişət tullantılarının daşınması və həyətlərin təmizlənməsi, binaların dam örtüklərinin, fasadların yenilənməsi və baxımı daxildir. Sözügedən xidmət haqqı bu kimi xidmətlər üçün tutulur. Normativ hüquqi sənəd isə Nazirlər Kabinetinin qərarıdır”.

Zaman-zaman bu strukturların fəaliyyət sahələrinin bələdiyyələrə verilməsi təklif olunur. Bu, nə qədər realdır?

"Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai Birliyinin sədri Vüqar Tofiqli Trend-ə açıqlamasında bildirib ki, Mənzil Kommunal İstismar Sahələri ilə bağlı məsələ Mənzil Məcəlləsində öz əksini tapmayıb:

“Belə çıxır ki, bu gün struktur olaraq Mənzil Kommunal İstismar Sahələri, o cümlədən, onların tabe olduğu birliklərin hüquqi statusu qeyri-müəyyəndir. Bu gün Mənzil Məcəlləsi vətəndaşlara hüquq verir ki, özləri mənzil mülkiyyətçiləri müştərək cəmiyyətini yaratmaqla binanın idarəetməsini öz üzərlərinə götürsünlər, zibil tullantıları ilə bağlı, yaxud digər xidmətlərlə bağlı prosesləri həyata keçirsinlər.

İqtisadiyyat Nazirliyi tərəfindən həmin mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti ilə bağlı proses barədə bir neçə il əvvəl təbliğat xarakterli layihələr həyata keçirildi. Həmin dövrdə Bakının mərkəzi rayonlarında, Nəsimi, Binəqədi, Səbaildə yeni tikililərdə mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti yaradıldı”.

V.Tofiqlinin sözlərinə görə, bu gün Mənzil Kommunal İstismar Sahələrinin elə bir hüquqi statusu yoxdur:

“Onların əsas səlahiyyəti ərazinin təmizliyinə nəzarət etmək və bu prosesi icra etməkdir. Bununla bağlı da onlar əhalidən zibil tullantılarının daşınması xidməti üçün xidmət haqqı alırlar. Burada prosesin mürəkkəbliyi ondan ibarətdir ki, şəffaf, sistemli şəkildə həyata keçirilmir. Bələdiyyə vergilərinin nağdsız şəkildə yığılması qərara alınıb və nağd şəkildə yığılması qadağandır. 2015-ci il yanvarın 1-dən etibarən bələdiyyələr vergiləri nağdsız şəkildə toplayırlar. Burada məqsəd neqativ halların qarşısını almaqdır. Təəssüf ki, bu istiqamətdə müəyyən proseslərin tam həllini tapmaması nəticə etibarilə müəyyən neqativ hallara yol açır və sakinlər arasında da müəyyən narahatlıq yaradır”.

Müsahibimiz qeyd edib ki, Mənzil Kommunal İstismar Sahələrinin ödəniş tələb etmək hüququ var:

“Onlar sadəcə zibil pullarının yığılması ilə məşğul olurlar. Məhdud səviyyədə işçiləri saxlaya bilirlər. Əslində, təmizlik məsələsində iş bu strukturun üzərindədir. Zibil pullarının yığılması, təmizliyin təmin edilməsi məsələlərinin bələdiyyələrə verilməsi həyata keçirilə bilər. Bir şərtlə ki, bir neçə il ərzində bu istiqamətə ayrılan vəsait, texniki baza və nəzarət bələdiyyələrə verilsin. O halda bu proses yüksək səviyyədə öz həllini tapmış olar.

Düşünürəm ki, bu istiqamətin bələdiyyələrə verilməsi icra hakimiyyəti üzərinə düşən yükü yüngülləşdirmiş olar. Güman edirəm ki, bu problem gec-tez öz həllini tapacaq”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.