NATO Baş Katibi Alyansın HHM imkanlarını 400% artırmaqda israrlıdır
Dünən, 11:14

NATO Baş Katibi Alyansın HHM imkanlarını 400% artırmaqda israrlıdır
NATO-nun baş katibi Mark Rutte alyansın hava hücumundan müdafiə (HHM) imkanlarının 400% artırılmasında israrlıdır.
Bizimyol.info xəbər verirlir ki, bu barədə onun mətbuat xidməti tərəfindən Londonda "Chatham House" konfransında çıxış üçün hazırlanmış mətndə deyilir.
"NATO hava hücumundan müdafiə və raketdən müdafiə imkanlarını 400% artırmalıdır", - deyə Ruttenin çıxış mətnində qeyd edilib.
Mətndə deyilir ki, alyansın “kollektiv müdafiədə kvant sıçrayışına ehtiyacı var – müdafiə planlarını həyata keçirmək üçün daha çox qüvvə və imkanlar olmalıdır”.
Bundan əlavə, minlərlə əlavə zirehli texnika və tank, milyonlarla artilleriya mərmisi ilə yanaşı, NATO-nun “logistika, nəqliyyat imkanlarının təchizatı və tibbi dəstək sahəsində potensialının ikiqat artırılmasına” ehtiyacı var.
Baş katib həmçinin NATO ölkələri üçün hansısa hərbi təhlükənin olduğu və bunun “Ukraynada münaqişə bitdikdən sonra aradan qalxmayacağı” barədə bəyanat verəcək.
Bundan əvvəl Rutte NATO-ya üzv ölkələrin müdafiə nazirlərinin Brüsseldə keçirilən toplantısından sonra keçirilən mətbuat konfransında alyansın hərbi potensialının soyuq müharibədən bəri ən əhəmiyyətli genişləndirilməsi planlarının təsdiqləndiyini açıqlamışdı. O təsdiq edib ki, NATO-nun 24-25 iyun tarixlərində Haaqada keçiriləcək sammiti üçün müttəfiq ölkələr üçün hərbi xərclər həddinin ÜDM-in hazırkı 2%-dən 2030-cu ilə qədər 5%-ə qaldırılması ilə bağlı təklif verib.
Sammitdə 45 ölkədən dövlət başçıları, xarici işlər və müdafiə nazirləri də daxil olmaqla 6 minə yaxın nümayəndənin iştirakı gözlənilir. Keçən həftə Şimali Atlantika Alyansı da Rusiyanın qarşısını almaq üçün cari müdafiə hədəflərini 30% artırmaq planlarını açıqlayıb.
NATO əhəmiyyətli dərəcədə daha çox qanadlı raketlər və pilotsuz təyyarələr almaq, hava hücumundan müdafiə və artilleriya qüvvələrini gücləndirmək niyyətindədir. Konkret rəqəmlər təqdim edilmir. Lakin bu məqsədlərə nail olmaq üçün alyans ölkələri milli səviyyədə hərbi planlaşdırma ilə bağlı gizli saxlanılan yeni hədəflər alacaqlar.
Qadir, Bizimyol.info