Şarmazanov: “Rusiya ilə sazişdə Dağlıq Qarabağın adı çəkilmir”
10-06-2016, 09:52
Rusiya və Ermənistanın birləşmiş Raket Əleyhinə Müdafiə Sistemi haqqında sazişdə Dağlıq Qarabağın adı çəkilmir.
Virtualaz.org Sputnik-Armeniyaya istinadən bildirir ki, bunu Ermənistan parlamentinin vitse-spikeri, hakim Respublika Partiyasının mətbuat katibi Eduard Şarmazanov deyib.
“Bu sazişdə Qarabağla bağlı bir dənə də olsun hərf, vergül yoxdur”, -deyə o, partiyanın İcra orqanının iclasından sonra jurnalistlərə verdiyi açıqlamasında bildirib.
O qeyd edib ki, bu saziş Ermənistana Rusiyanın Raket Əleyhinə Müdafiə Sisteminin geniş imkanlarından yararlanmaq şansı verəcək.
Vitse-spiker onu da vurğulayıb ki, sazişi əsasən onun mətnindən xəbəri olmayanlar tənqid edirlər: “Bu sazişdə söhbət Rusiyanın Belarus və ya Qazaxıstanla olduğu kimi “birgə sistem”dən yox, “birləşmiş sistem”dən gedir. Bu isə o deməkdir ki, Rusiya və Ermənistan tərəfləri öz müstəqilliklərini saxlayırlar”.