Mingəçevirdə şagirdlərin həyatı təhlükədədir –
Bu gün, 00:05

Mingəçevirdə şagirdlərin həyatı təhlükə altındadır: İlan təhlükəsi ilə bağlı ciddi tədbirlər görülməlidir
Son günlərdə sosial şəbəkələrdə yayılan məlumatlar cəmiyyətdə ciddi narahatlıq doğurub. Belə ki, Mingəçevir şəhərində yerləşən bəzi yaşayış binalarının bloklarında sürünənlərin, daha dəqiq desək, ilanların görünməsi ilə bağlı məlumatlar yayılıb. Bu məlumatlar ictimaiyyətin böyük diqqətini çəkib və geniş müzakirələrə səbəb olub.

Sosial şəbəkə istifadəçilərinin yazdıqlarına əsasən, bu təhlükə artıq təhsil müəssisələrinə də sirayət edib. Belə ki, Mingəçevir şəhər 17 nömrəli tam orta məktəbin direktoru Mənsur Həsənov sosial media platformasında verdiyi açıqlamada məktəbdə 3 ilan öldürüldüyünü qeyd edib. Bu fakt isə artıq vəziyyətin sadəcə fərdi evləri və ya yaşayış binalarını deyil, birbaşa müəssisələri və xüsusilə azyaşlı uşaqların təhsil aldığı məktəbləri də təhdid etdiyini göstərir.
Apardığımız araşdırmalardan məlum olub ki, məsələ ilə bağlı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gigiyena və Epidemiologiya Mərkəzinin Mingəçevir şöbəsi hələ də adekvat tədbirlər görməyib. Halbuki, bu cür hallar ictimai sağlamlıq və təhlükəsizlik baxımından ciddi risk daşıyır və qabaqlayıcı tədbirlərin dərhal həyata keçirilməsini tələb edir.
Hüquqi baxımdan məsuliyyət
Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən:
“Sanitariya-epidemioloji salamatlıq haqqında” Qanunun 9-cu maddəsinə görə, müvafiq icra hakimiyyəti orqanları insan sağlamlığı üçün təhlükə yaradan halların qarşısını almaq və ləğv etmək üçün təxirəsalınmaz tədbirlər görməlidirlər.
Təhsil müəssisələrində təhlükəsizlik tədbirlərinin təmin edilməsi isə həmçinin “Təhsil haqqında” Qanunun 14-cü maddəsində əks olunub və burada qeyd edilir ki, təhsilalanların təhlükəsiz şəraitdə təhsil alması dövlətin vəzifəsidir.
Əgər aidiyyəti qurumlar məsuliyyətsiz davranaraq bu məsələni görməməzlikdən gəlirlərsə, bu, vəzifə səhlənkarlığı kimi qiymətləndirilə bilər və İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən məsuliyyət doğurur.
Nəticə və çağırış
Mingəçevirdə müşahidə olunan ilan təhlükəsi artıq fərdi narahatlıq çərçivəsini aşaraq, ictimai təhlükəsizlik probleminə çevrilib. Xüsusilə məktəblərdə belə hadisələrin baş verməsi, azyaşlı uşaqların həyatının təhlükə altına düşməsi yolverilməzdir. Suallara cavab gözləyirik:
Mingəçevir Gigiyena və Epidemiologiya Mərkəzi nə vaxt tədbir görəcək?
Yoxsa qurumlar hansısa şagirdin zərər görməsini gözləyir?
Valideynlərin, müəllimlərin və bütövlükdə cəmiyyətin narahatlığını ciddi qəbul edərək, dərhal dezinfeksiya və təhlükəsizlik tədbirləri həyata keçirilməli, bu kimi halların təkrarlanmasının qarşısı alınmalıdır.