Yeni kəşf: Kepler-725c adlı planetdə bioloji həyat üçün uyğun şərait ola bilər
Bu gün, 14:49

Çin Elmlər Akademiyasının son araşdırmalarına görə, Kepler-725c adlı planetdə maye suyun mövcud olması ehtimalı onun bioloji həyat üçün uyğun potensiala sahib olduğunu göstərir.
Qaynarinfo xəbər verir kiI, Yer kürəsindən 2400 işıq ili uzaqlıqda yerləşən bu planetin xüsusiyyətləri elmi dairələrdə böyük maraq yaradıb.
İnsanlıq tarixi boyunca "kainatda təkikmi?” sualı ən çox maraq doğuran və müzakirə olunan mövzulardan biri olub. Çinli alimlərin son kəşfi isə bu suala cavab axtarışında yeni bir mərhələyə keçidi simvolizə edə bilər.
Tədqiqatçılar Kepler-725c adlı "super Yer” tipli planetdə bioloji həyatın mümkünlüyünü göstərən güclü bir iz aşkar etdiklərini bildiriblər. Çin Elmlər Akademiyasının məlumatına görə, bu planet Yer kürəsindən təxminən 10 dəfə artıq kütləyə malikdir və 2400 işıq ili uzaqda yerləşir. Kepler-725c öz ulduzuna "yaşanabilir zona” adlandırılan məsafədə dövr edir. Bu zona, ulduzdan gələn istiliyin, maye suyun mövcudluğunu mümkün edən temperatur aralığında olduğu sahə kimi tanınır. Planetin səthində maye suyun mövcud ola bilməsi, karbon əsaslı həyat formalarının inkişafı üçün uyğun şərait ola biləcəyini göstərir.
Kepler-725c, kütləsi Yer kürəsindən böyük, lakin Uran və Neptun kimi buz nəhənglərindən kiçik olduğu üçün "super Yer” kateqoriyasına aiddir. Araşdırmalara əsasən, planetin səthi çox güman ki, okeanlarla örtülüdür və quru sahələrə malik qayalıq bir quruluşa sahibdir. Lakin tamamilə su dünyası olma ehtimalı da istisna edilmir. Kepler-725c, ulduzu ətrafındakı bir dövrəsini 207,5 gündə tamamlayır – bu isə onun "ili”nin Yerinkindən daha qısa olduğunu göstərir. Əlavə olaraq, eksen fərqlərinə görə, planet öz ulduzundan Yer kürəsinə nisbətən 1,4 dəfə daha çox günəş şüası alır. Bu fakt, həyatın mümkünlüyünü tamamilə istisna etmir.
Kepler-725c-nin orbitində maraqlı bir xüsusiyyət var: onun öz ulduzuna olan məsafəsi sabit deyil və il ərzində əhəmiyyətli şəkildə dəyişir. Bu planetin daxil olduğu sistemdə Kepler-725 adlı ulduz yerləşir. Gənc bir ulduz olan Kepler-725, cəmi 1,6 milyard il yaşındadır. Eyni sistemdə Kepler-725b adlı başqa bir planet də var – bu planet qaz nəhəngi olub, öz orbitini 39,64 gündə tamamlayır.
Kepler-725 ulduz sistemi adını, 2009-cu ildə fəaliyyətə başlayan və 2018-ci ildə missiyasını başa vuran "Kepler” kosmik teleskopundan alıb. Kepler layihəsi, digər ulduzların ətrafında Yer ölçüsündə planetlər axtaran öncül bir proqram idi. Çox sayda ekzoplanet, ulduzların önündən keçərkən işıqda baş verən zəifləmələri ölçən "tranzit üsulu” ilə kəşf edilib. Ancaq Kepler-725c fərqli bir metod – "tranzit vaxtı dəyişməsi” (TTV) ilə aşkarlanıb. Bu üsul, daha əvvəl məlum olan planetin (Kepler-725b) keçid zamanlarındakı kiçik qeyri-müntəzəmliyi analiz edərək yeni planetlərin varlığını müəyyən etməyə imkan verir.
TTV metodu, xüsusilə uzun orbit dövrünə malik və digər üsullarla aşkarlanması çətin olan kiçik planetlərin kəşfi üçün uyğun sayılır. Kepler-725b-nin siqnallarını təhlil edən tədqiqatçılar, bu yolla Kepler-725c-nin kütləsi və orbit xüsusiyyətləri barədə mühüm məlumatlar əldə ediblər. Bu kəşf, Günəşə bənzər bir ulduzun yaşanabilir zonasındakı bir planetin TTV üsulu ilə ilk dəfə aşkar olunması baxımından da əhəmiyyətlidir.
Kepler-725c, "Hycean planetləri” adlandırılan və potensial yaşanabilir yeni bir "super Yer” sinfinə daxil edilə bilər. Bu cür planetlərin okeanlarla örtülü geniş sahələrə və hidrogen baxımından zəngin atmosferlərə malik ola biləcəyi düşünülür. Alimlər bu kəşfin kainatda həyat axtarışını daha da genişləndirəcək mühüm bir addım olduğunu bildirirlər.
Araşdırmanın nəticələri "Nature Astronomy" jurnalında dərc olunub.