Britaniya mətbuatı Azərbaycanda kitabı çıxan britaniyalı naziri yerdən-yerə vurub

8-08-2016, 22:19           
Britaniya mətbuatı Azərbaycanda kitabı çıxan britaniyalı naziri yerdən-yerə vurub
Yeni xarici ticarət naziri Liam Foks “insan haqlarını pozan” Azərbaycanla işgüzar əlaqələrinə görə tənqid edilib

“The Guardian” qəzetində Nik Kohen Britaniyanın yeni xarici ticarət naziri Liam Foksu “insan haqlarını pozan” Azərbaycanla işgüzar əlaqələrinə görə tənqid edib.

Məqalədə deyilir ki, yeni nazir “Bakı rejimi” ilə yaxın münasibətlərdən bir çox faydalar götürüb.

Kohen Britaniya nazirinin Azərbaycanda, azərbaycan dilində çap olunmuş “Qalxan qabarmalar” (Rising Tides) adlı kitabını da kəskin tənqid edir və yazır ki, orijinalı Nielsen International nəşriyyatında çap olunduqdan sonra onun Britaniyada cəmi 1723 nüsxəsi, ABŞ-da isə 1876 nüsxəsi satılıb.

Məqalədə deyilir ki, Britaniyanın Avropa İttifaqı referendumunda Breksiti dəstəkləyən “yeni ticarət naziri indi öz ticarətini qura bilər”.

Kohen Britaniya millət vəkillərinin maraq reyestrinə əsasən yazır ki, “neftlə zəngin Azərbaycanın lobbiçiləri” “Qalxan qabarmalar” kitabının azərbaycancaya tərcümə haqqı üçün doktor Foksa 5700 funt sterlinq ödəyiblər.

Məqalədə deyilir ki, “Azərbaycan hakimiyyətinin səxavəti bununla məhdudlaşmayıb və 2015-ci il, fevralın 1-də ona və köməkçisinə kitabın təqdimatı üçün İstanbula uçuş və lüks oteldə yaşamaq imkanı təşkil edilib”.

Kohen yazır ki, dördgünlük səfər 3579 funt sterlinqə başa gəlib.

Məqalədə deyilir ki, bu, doktor Foksun ilk xarici təbliğatı deyildi. Azərbaycan mediasının yazdığına görə 2014-cü ilin sentyabrında Bakıya səfər edərkən Foksu prezident İlham Əliyevin özü qəbul edib.

Müəllif qeyd edir ki, Azərbaycanda ifadə azadlığı boğulur, hökumətin tənqidçiləri təqib edilir.

Kohen xatırladır ki, cənab Foks Breksiti təbliğ edərkən Avropa İttifaqından çıxmağın Britaniya seçkilərinin ədalətliliyinə xidmət edəcəyini iddia edirdi.

“Qalxan qabarmalar” kitabında Foks “bizim üçün adi bir şey olan azadlığı” müdafiə edir. Azərbaycanda belə bir azadlıq yoxdur…” – yazır Kohen.

Jurnalist bunu da yada salır ki, cənab Foks axır bir-iki ayadək “rüsvay edilmiş keçmiş müdafiə naziri” kimi tanınırdı. Onu “nazirin etik davranış məcəlləsini pozduğuna görə istefaya məcbur etmişdilər”.

“İndi isə Theresa May ona dünya boyunca demokratiyalar və Azərbaycan kimi korrupsiyalı diktatorluqlarla ticarət sazişləri bağlamaq səlahiyyəti verib” – yazır Kohen.

Müəllif diqqəti belə bir məqama çəkir ki, “cənab Foksun oxucuları ilə heç kiçik bir futbol meydançasını da doldurmaq mümkün deyil” və heç kim bu kitabı fransız, ispan, Çin, hind və dünyanın başqa əsas dillərinə tərcümə etmək ehtiyacı duymayıb.

“Yalnız Azərbaycan doktor Foksa qonorar ödəmək və onun müəllif hüquqlarını almaq qərarına gəlib” – deyilir məqalədə.

Nik Kohen yazır ki, kitabları və qəzetləri almaq soyuq müharibə dövründən qalmış köhnə sovet metodudur.

Məqalədə həmçinin Foksla xarici işlər nazirinin müavini David Lidington arasında 2016-cı ilin yanvarında baş vermiş mükalimədən də söhbət açılır.

O vaxt Lidington diqqəti belə bir məqama çəkibmiş ki, Avropa İttifaqının 28 ölkəsinin hamısı Səudiyyə Ərəbistanı ilə yanaşı Azərbaycanı da insan haqlarının pozulmasına görə tənqid edib.

Buna cavab olaraq cənab Foks demokratik azadlıqlar haqqında deyilənləri rədd edib və deyib ki, Avropa İttifaqının insan haqları kampaniyaları “Britaniya vergiödəyəninin pullarını havaya sovurur”.

Müəllif cənab Foksun Azərbaycanda çap olunmuş kitabının tərcüməsi üçün ödənmiş pulun “normal nəşrdən gələn qonorar”, yoxsa Azərbaycan prezidentini dəstəklədiyinə görə mükafat olduğunu sual edir.

Doktor Foksun sözçüsü bunu sadəcə olaraq “Qalxan qabarmalar” kitabının tərcüməsinə icazə üçün çap müqaviləsi adlandırıb.

Nik Kohen isə kitabın nəşrini “normal” hesab etmir və vurğulayır ki, bu kitabın tərcüməsi üçün pulu “özünü müstəqil qurum kimi təqdim edən Avropa Azərbaycan Cəmiyyəti ödəyib. Nazir üçün təyyarə biletlərinin və otellərin pulu da bu təşkilat tərəfindən ödənib.

“Sözçü nə qədər azərbaycanlının bu kitabdan aldığı barədə suala da cavab verməyib” – yazır Kohen (BBC).












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.