ABŞ-da prezidentliyə namizədlər təkcə seçicilər üçün yarışmırlar - ortada milyonlarla pul da var...
8-08-2016, 22:27

ABŞ vətəndaşı milyonları olmadan seçkiyə qatıla bilməz. Bu pulları o, sonradan siyasi dividentlər şəklində ödəyəcəyi biznes sahəsindən alır.
Musavat.com xarici mətbuata istinadən xəbər verir ki, ABŞ-da prezidentliyinə namizədlərin maliyyələşdirilməsi ilə bağlı xüsusi qaydalar mövcuddur.
Namizədlərə birbaşa iri korporasiyalardan pul verilməsi qadağandır. Lakin bu sərmayələşmənin qanuni mexanizmləri də mövcuddur.
Məsələn, şirkətlər öz əməkdaşlarının adından özəl yardım kimi verilən pulları seçki kampaniyalarında rəsmiləşdirə bilirlər (hər vətəndaş 2700 dollara qədər yardım edə bilir).
Bundan başqa, biznesmenlər özləri paralel kampaniya təşkil edə bilər.
Namizədlərə pul toplamaq üçün Siyasi Fəaliyyət üzrə Super Komitələr mövcuddur. (ABŞ-da buna “super-PAC” deyirlər.). Bu komitələr nə şirkətlərdən cəlb edilən məbləğ məsələsində, nə də onların bu və ya digər namizədə xərclədiyi pullarla bağlı hər hansı məhdudiyyətlərlə üzləşmirlər.
Nəhayət, ABŞ Ali MƏhkəməsinin 2010-cu il tarixli qərarı ilə şirkətlər və həmkarlar təşkilatları prezidentliyə namizədləri sərbəst şəkildə maliyyələşdirmək hüququna malik olublar. Onlar öz xərcləri haqında məlumat verməyə də bilərlər.
Hazırda davam edən prezident seçkisi kampaniyasının ümumi analizi onu göstərir ki, Hillari Klinton Uoll-Strit və iri şirkətlərin qəti favoriti sayılır.
Hillari Klintonun 2013-cü ilin aprelindən 2015-ci ilin martınadək iri şirkətlərdən 21,5 milyon dollar məbləğində yardım aldığı iddia olunur.
2016-cı ilin yazına olan məlumata görə isə, Hillari Klintona verilən 200 dollardan az məbləğdə olan yardımlar onun seçki büdcəsinin cəmi 17 faizini təşkil edir. Müqayisə üçün deyək ki, onun ilkin seçkilərdəki əsas rəqibi Berni Sandersə verilən bu cür yardımlar senatorun seçki büdcəsinin 75 faizini təşkil edirdi.
Hillari Klintonun sponsorları arasında sığorta və sərmayə şirkətləri üstünlük təşkil edir.
Nüfuzlu mərkəzlərin məlumatına görə, xanım Klinton bu cür şirkətlərdən təxminən 40 milyon dollar məbləğində yardım alıb.
Hillari Klintonun digər iri sponsoru hüquq firmalarıdır. Onlar xanım Klintonun seçki kassasına 23 milyon dollar bəxş ediblər.
Bu tip şirkətlər ən çox müştərilərinin (maliyyə təşkilatları, “hec-fon”lar, məhdud
məsuliyyətli cəmiyyətlər və s.) lobbiçiliyindən əlavə, öz gələcəklərini də təmin etməklə məşğuldur.
Hillari Klintonun rəqibi Donald Trampın seçki kampaniyası isə daha qənaətcil təsir bağışlayır.
“Nyu York Tayms” qəzetinin xəbərinə görə iyun ayının sonlarına qədər Tramp seçki kampaniyası üçün 67 milyon dollar pul yığıb. Onlardan 64,5 milyon dolları onu seçki qərargahının büdcəsini təşkil edir.
Müqayisə üçün qeyd edək ki, Trampın ilkin seçkilərdəki rəqibi, Texas senatoru Ted Kruz 158 milyon dollar məbləğində pul toplamışdı Trampın digər rəqibi Ceb Buş isə 162 milyon dollar qazanmışdı.
Görünən odur ki, sponsorlar hələ Trampa sərmayə qoymağa tələsmir. Yəqin ki, bir çoxları hələ də onun prezident seçiləcəyinə inamsız yanaşır.
Lakin Trampın özünün milyarder olduğunu da unutmayaq. Respublikaçıların namizədi milyarderdir və onun şəxsi sərvətinin miqdarı 4,5 milyard dollardan çoxdur.
Bundan başqa, Trampın əlavə reklam pullarını xərcləməsinə də ehtiyacı yoxdur. Onu Ayovadakı fermerdən tutmuş, Havay adalarındakı serfinqçilər də tanıyır.
Trampın mətbuatla da arası “pis deyil”. Jurnalistlər hər gün acgözlüklə onun ağzından çıxacaq kəlmələri izləyirlər. “”Siz kabel kanallarına baxdıqda orada hər gün Trampı görürsüz. Trampı bir də reklam pauzalarında neynirsiz?”, - deyə namizədin özü zarafatla KİV nümayəndələrinə söyləyib.