ABŞ-nin xaos strategiyası: - Rusiya oyundan kənarlaşdırılır?
30-05-2024, 19:04
“ABŞ Ermənistan və daha bir neçə ölkənin müdafiə nazirliklərinə məsləhətçilər göndərir”.
Bu barədə erməni “Telegram” kanalları “Intelligence Online” nəşrinə istinadən məlumat yayıb.
Bildirilib ki, ABŞ Ukrayna, Moldova, Ermənistan və Balkan ölkələrinin müdafiə nazirliklərinə məsləhətçilər göndərir.
Məsləhətçilərin həmin ölkələrin müraciəti əsasında göndərildiyi və əsas məqsəd nazirliklərin fəaliyyətinin ABŞ-la koordinasiyalı olması və Rusiya modelindən uzaqlaşdırılmasından ibarətdir.
Məsələ ilə bağlı politoloq Əlimusa İbrahimov “Cebhe.info”-ya açıqlamasında qeyd edib ki, Vaşinqtonun əsas hədəfi Rusiyanın postsovet regionunda geosiyasi nüfuzunun məhdudlaşdırmaqdır:
“Təbii ki, bu məsləhətçilər Amerika Birləşmiş Ştatlarının hərbi sahədə siyasətini həyata keçirəcək və bu ölkələrin Vaşinqtonla hərbi sahədə əməkdaşlığın inkişaf etdirilməsinə yardım edəcək.
Bütün bunlarla yanaşı, ABŞ-la hərbi sahədə əməkdaşlıq etmək Rusiya ilə əlaqələri zəifləmək məqsədi də güdür. Deməli, ABŞ-nin əsas məqsədlərindən biri də Rusiyanın nüfuzunun azaldılmasıdır. Son 10 ildə Vaşinqton cəhd etdiyi bu məqsədə çatmaq üçün o, əlində olan bütün vasitələrdən istifadə etməkdədir.
Görünən odur ki, bu heç də ABŞ və onun müttəfiqlərinin uğur qazanması anlamına gəlmir. Məhz buna görə də hər gün yeni mexanizmlərin işə salınması barədə xəbərlər eşidirik”.
Politoloqun sözlərinə görə, ABŞ-nin son cəhdinin nə ilə nəticələnəcəyini qabaqcadan proqnozlaşdırmaq mümkün deyil:
“Düşünmək olar ki, Rusiya-Ukrayna müharibəsi fonunda digər ölkələrlə hərbi sahədə əməkdaşlığa cəhd etməsi Ukraynadana diqqəti ayıra bilər. Həqiqətənmi Amerika Ukraynanı arxa plana keçirmək üçün düşünür? Axı Kiyevi lazım olan silah və sursat məhz Vaşinqtonun ləngliyi üzündən vaxtında ona çatdırılmayıb və bunun nəticəsində Ukrayna Rusiya qarşısında aciz duruma düşüb. Görünən odur ki, ABŞ-nin uzun müddətdən bəri tətbiq etdiyi xaos strategiyası öz gücü ilə davam edir”.