Alman iş adamları kimi kansler görmək istəyir?
19-07-2024, 09:59
Almaniyanın yüksək səviyyəli biznes nümayəndələri, siyasətçilər və məmurlar kansler postunda hökumətin hazırkı rəhbəri Olaf Şoltsu deyil, Xristian Demokrat Birliyinin (CDU) nümayəndəsi Fridrix Mersi görmək istəyirlər.
Poliqon xəbər verir ki, bunu “Allensbach” sorğusunun nəticələri göstərir.
Ümumilikdə, sorğuda 500-dən çox insan iştiak edib. Ən böyük alman şirkətlərinin idarə heyətlərinin 336 üzvündən 73%-i Mersin lehinə səs verib.
“Biznes ictimaiyyəti açıq şəkildə Mers ətrafında toplanıb”, deyə “Allensbach”ın tədqiqat direktoru Renate Köçer bildirib.
Analitiklərin fikrincə, sahibkarların narazılığı Almaniyada bizneslə məşğul olmağın getdikcə çətinləşməsi ilə bağlıdır. Respondentlərin yalnız 27%-i Almaniyanı biznes üçün yaxşı yer kimi qiymətləndirib. Enerji siyasəti, həddindən artıq tənzimləmə və iqtisadiyyata çox az dəstək xüsusilə sahibkarlar tərəfindən tənqid olunur. Bununla əlaqədar şirkətlər bütün müəssisələri xaricə köçürür, fabrikləri bağlayır.
Beş biznes nümayəndəsindən dördü siyasətçilərin ümumiyyətlə iqtisadiyyatın vəziyyəti və ehtiyaclarını real şəkildə dərk etmələrinə prinsipcə şübhə ilə yanaşır. Onların yalnız 9%-i federal hökumətin işindən razıdır.