Urmiyə və Qəzvində 3 məhbus edam edilib
28-07-2024, 10:34
Dünən Urmiyə və Qəzvin həbsxanalarında ümumilikdə 3 məhbus edam edilib. İranda prezident seçkilərinin başa çatması ilə bir müddətdir dayandırılan edam hökmlərinin icrası sürətlənib.
Bu barədə HRA xəbər agentliyi və İran İnsan Haqları Təşkilatı (İHR) məlumat yayıb.
Cümə axşamı, iyulun 25-də Urmiyə həbsxanasında bir məhbusun edamı həyata keçirilib. Məhbus Nəğədə (Sulduz) şəhərindən olan Həsən Yusifazər adlı bir məhbus olub. O, qəsdən adam öldürmə ittihamı ilə edam edilib.
Qəzvinin Çubindər həbsxanasında isə cümə axşamı səhər saatlarında daha iki məhbus edam edilib. Hər ikisi Zəncan vilayətinin Əbhər şəhərindən olan 32 yaşlı Hamid Nadiri və 37 yaşlı Əli Məhərrəmxani narkotik cinayətləri ilə bağlı ittihamlardan təqsirkar bilinərək edam olunublar.
Həbsxana rəsmiləri və ədliyyə orqanları həmin edamlarla bağlı rəsmi məlumat verməyiblər.
İHR-nin yaydığı hesabata görə, bu ilin əvvəlindən ölkədə 290 nəfər edam edilib.