Bayden Zelenski ilə sentyabrın 26-da Ağ Evdə görüşəcək
21-09-2024, 11:35
Ağ Ev cümə axşamı bildirib ki, prezident Co Bayden Ukrayna prezidenti Volodimir Zelenski ilə gələn həftə, sentyabrın 26-da Ağ Evdə davam edən Ukrayna-Rusiya münaqişəsi ilə bağlı danışıqlar aparacaq.
Mətbuat katibi Karin Jan-Pyer verdiyi açıqlamada Zelenskinin həmçinin vitse-prezident Kamala Harrislə də ayrıca görüşəcəcəyini deyib.
"Liderlər Rusiya və Ukrayna arasındakı müharibənin vəziyyətini, o cümlədən Ukraynanın strateji planlamasını və Rusiyanın təcavüzünə qarşı müdafiədə ABŞ-ın Ukraynaya dəstəyini müzakirə edəcəklər. Prezident və vitse-prezident Ukrayna bu müharibədə qalib gələnə qədər onun yanında olacaqlarına sarsılmaz sadiqliklərini vurğulayacaqlar" deyə, mətbuat katibi bildirib.
Zelenski Rusiyanın ölkəsinə qarşı müharibəsində qələbə üçün planı olduğunu və bu təklifi Baydenə təqdim etmək niyyətində olduğunu bildirib.
Keçən cümə günü Kyivdə keçirilən illik "Yalta Avropa Strateji Toplantısı"nın 20-ci açılışındakı çıxışı zamanı Zelenski deyib ki, Rusiyanın Ukraynaya qarşı apardığı təcavüzkar müharibə ya işğalçı ordunun döyüş meydanından sıxışdırılıb çıxarılması, ya da diplomatiya yolu ilə - işğal edilmiş ərazilərin azad edilməsi və müstəqilliyin qorunması yolu ilə müsbət nəticə verə bilər.
Zelenski "Hər iki halda Ukraynaya güclü mövqe lazımdır. Birləşmiş Ştatlar bu məsələdə yardım edə bilər. Əgər biz əsas tərəfdaşımızla bərabər qələbəyə can atırıqsa" deyib.
Son həftələr Zelenski müttəfiqlərindən, xüsusən də ABŞ və Britaniyanın Rusiya daxilindəki hədəflərə qarşı uzaqmənzilli silahlardan istifadə etmək üçün hələ də icazə verməmələrinə görə məyus olduğunu bildirib.
Hər iki ölkə Rusiya ilə birbaşa qarşıdurmaya cəlb olmaqdan narahatlığını ifadə edib.