Livan nazirliyi bildirir ki, İsrailin Beyruta hava hücumu nəticəsində ölənlərin sayı 37-yə çatıb
23-09-2024, 09:54
Livan səhiyyə nazirliyi bildirir ki, İsrailin cümə günü Beyrutda Hizbullah komandirlərini hədəf alan hava hücumu üç uşaq və yeddi qadın daxil olmaqla, ən azı 37 nəfərin ölümünə səbəb olub. Xilasedicilər şənbə günü dağıntılar altında itkin düşən insanların axtarışını davam etdirib.
Hizbullah gecə saatlarında bildirib ki, İsraillə İranın dəstəklədiyi qrup arasında təxminən bir ildir davam edən münaqişədəki ən ölümcül zərbə nəticəsində həlak olanlar arasında yüksək səviyyəli lider İbrahim Aqil və bir başqa yüksək səviyyəli komandir Əhməd Vəhbi də daxil olmaqla, qrupun 16 üzvü olub.
İsrail ordusu X-də yerləşdirdiyi açıqlamasında bildirib ki, zərbə Aqil və Hizbullahın elit Rədvan qüvvələrinin yüksək səviyyəli komandirlərinin yeraltı yığıncağına endirilib və Hizbullahın hərbi komanda zəncirini “demək olar ki, tamamilə sıradan çıxarıb.”
Təhlükəsizlik mənbəsi bildirib ki, hücum nəticəsində çoxmərtəbəli yaşayış binası yerlə yeksan olub, qonşuluqdakı uşaq bağçasına ziyan dəyib.
Sərhədlərarası şiddətli zərbələr şənbə günü də davam edib. İsrailin döyüş təyyarələri Livanın cənubunda son 11 aydır davam edən döyüşün ən ağır bombardmanlarından birini həyata keçirib və Hizbullah İsrailin şimalındakı hərbi hədəflərə raket hücumları etdiyini iddia edib.
İsrail ordusu təxminən 180 hədəfi vurduğunu və minlərlə raket buraxılış barellərini məhv etdiyini bildirib.
Cümə günü endirilən zərbə İsraillə HƏMAS arasında münaqişəni kəskin şəkildə eskalasiya edib və bu həftə Hizbullah üzvlərinin istifadə etdiyi peycer və radioların partlamasına səbəb olan iki gün davam edən hücumlardan sonra qrupa daha bir zərbə vurub.
Həmin hücumlarda ölənlərin ümumi sayı 39-a çatıb, 3000-dən çox insan isə yaralanıb.
Kommunikasiya cihazlarına hücumların İsrail tərəfindən həyata keçirildiyinə inanılır, ancaq İsrail əli olduğunu nə təsdiq, nə də təkzib edir.
Livanın Baş naziri Nəcib Mikati eskalasiya edən münaqişə səbəbilə Nyu Yorkda BMT-nin Baş Assambleyasına planlaşdırılan səfərini ləğv edib. Bu barədə onun ofisi bəyanatında bildirib.
ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sallivan bildirib ki, o, İsraillə Livan arasında eskalasiyadan narahatdır, ancaq İsrailin Vaşinqtonun terror qrupu olaraq müəyyən etdiyi Hizbullahın yüksək səviyyəli liderini öldürməsi qrupla atəşkəsə gətirib çıxara bilər.
“Eskalasiya riski real olsa da, biz əslində inanırıq ki, hərbi əməliyyatların dayandırılmasına və sərhədin hər iki tərəfindəki insanların özlərini təhlükəsiz hiss etməsinə gətirib çıxaracaq davamlı həll yoluna nail olmaq üçün ayrıca bir yol da var,” Sallivan şənbə günü müxbirlərə deyib.
Hizbullah bildirib ki, İsrail fələstinli Qəzza anklavında HƏMAS-a qarşı müharibəsində atəşkəsə razılaşmayana qədər, onunla döyüşməyə davam edəcək. Müharibə oktyabrın 7-də HƏMAS-ın İsrailin cənubuna hücumu ilə başlayıb.
HƏMAS militantları təxminən 1200 nəfəri öldürüb, 250 nəfəri girov götürüb. İsrail HƏMAS-ın hələ də təxminən 100 nəfəri girov saxlanığını bildirir. Ordu onların üçdə birinin artıq öldüyünə inanır. Qəzzanın səhiyyə nazirliyinin məlumatına görə, İsrailin Qəzzaya əks-hücumu nəticəsində 41 mindən çox fələstinli öldürülüb.
ABŞ rəsmiləri deyir ki, yaxın gələcəkdə atəşkəs əldə etmək mümkün deyil. İsrail Qəzzada hər hansı razılaşmadan asılı olmayaraq, Hizbullahın atəşi dayandırmasını və qüvvələrini sərhəd ərazisindən geri çəkməsini istəyir.
İsrailin Baş naziri Benyamin Netanyahu cümə gecə qısa açıqlamasında bildirib ki, İsrailin məqsədləri açıq-aydındır.
Bu həftə İsrailin şimal sərhədində müharibənin yeni mərhələsinə qədəm qoyduğunu deyən müdafiə naziri Yoav Qallant X-də: “Yeni mərhələdə hərəkətlərin ardıcıllığı məqsədimizə nail olunana qədər davam edəcək: şimaldakı sakinlər təhlükəsiz şəkildə öz evlərinə qayıdana qədər.”
Hizbullar oktyabr ayında Qəzzadakı fələstinlilərlə həmrəylik əlaməti olaraq İsrailə raketlər atmağa başlayandan bəri İsrail-Livan sərhədinin hər iki tərəfində yaşayan on minlərlə insan evlərini tərk etməli olub.
İsrail ordusu şənbə günü bilirib ki, İsrailin şimalında hava hövzəsi özəl uçuşlara bağlanıb, amma bu tədbir beynəlxalq reysləri əhatə etmir.
Bu həftə Livanda 70 nəfərin ölməsi ilə ölkədə oktyabrdan bəri tələfat sayı 740-ı ötüb. Hazırda İsraillə Hizbullah arasında gedən münaqişə onların 2006-cı ildə tammiqyaslı müharibə etməsindən bəri ən pis qarşıdurmadır.
Hazırkı münaqişə böyük ölçüdə cəbhə xəttində davam etsə də, bu həftə baş verən eskalasiya münaqişənin genişlənə və daha da intesivləşə biləcəyinə dair narahatlıqları artırıb.