Kremlə pis xəbər: Bayden G7 və Aİ-nin Rusiya aktivlərini dondurduğunu təsdiqlədi
27-09-2024, 12:24
G7 və Aİ üzvləri birlikdə Rusiya Mərkəzi Bankının Rusiyadan kənarda 280 milyard dollar məbləğində vəsaitlərini dondurub.
Valyuta.az xəbər verir ki , bunu ABŞ prezidenti Cozef Bayden Nyu Yorkda Ukraynaya dəstək, onun bərpası və yenidən qurulmasına dair Birgə Bəyannaməyə həsr olunmuş G7+ Ukrayna formatında keçirilən görüşdə bildirib.
Bayden həmçinin qeyd edib ki, Rusiya təcavüzünü başa çatdırana və dəymiş ziyanı ödəyənə qədər bu aktivlər dondurulmuş vəziyyətdə qalacaq və onlardan əldə edilən gəlirlər isə yenidənqurma üçün Ukraynaya 50 milyard dollar yönəldilməsinə imkan verəcək.
“Biz Rusiyanın vurduğu zərərə görə cavabdehlik daşımağı öhdəmizə götürürük... Bu gün biz bir daha təsdiq edirik ki, bütün ölkələrimiz və hüquq sistemlərimiz Rusiya təcavüzünü dayandırana və vurduğu zərəri ödəyənə qədər Rusiyanın suveren aktivlərini hərəkətsizləşdirəcək”, o deyib.
Bayden xatırladıb ki, G7-nin bu yay İtaliyada keçirilən sammitində bu pulu Ukraynanın ehtiyaclarına, iqtisadiyyatını bərpa etmək üçün bu dondurulmuş aktivlərdən əldə edilən gəlirdən 50 milyard dollar blokdan çıxarmaq qərarına gəlib və bu ediləcək.
Daha əvvəl bildirilmişdi ki, Ukraynanın Qərb müttəfiqləri bir neçə aydır Rusiya Mərkəzi Bankının əksəriyyəti Avropada olan dondurulmuş 280 milyard dollarlıq aktivlərindən əldə olunan gəlirdən necə istifadə edilməsini müzakirə ediblər. Aktivlərdən əldə edilən gəlir ildə 3 ilə 5 milyard avro arasında qiymətləndirilir.
2024-cü ilin may ayının sonunda ABŞ-ın maliyyə naziri Canet Yellen G7 ölkələrinin Ukraynaya çox milyard dollarlıq kredit ayıra və dondurulmuş Rusiya dövlətinin 300 milyard dollarlıq aktivlərindən alınan faizlərdən istifadə edə biləcəyini istisna etməyib.
2024-cü il iyunun əvvəlində ABŞ Maliyyə Nazirliyinin beynəlxalq maliyyə üzrə köməkçisi Brent Neumann bildirib ki, Vaşinqton G7 tərəfdaşları ilə birlikdə Rusiya aktivlərindən əldə olunan gəlirlərdən istifadə edərək Ukraynaya yardım göstərməkdə irəliləyiş əldə edir.
Reuters yazıb ki, ABŞ Britaniya, Kanada, Fransa, Almaniya, İtaliya və Yaponiyanı dondurulmuş aktivlərdən əldə edilən gəlirlərlə dəstəklənən 50 milyard dollara qədər qısamüddətli kreditlər verməyə sövq edir.