ABŞ bir il ərzində Kanada sərhədində əvvəlki 17 ildəkindən daha çox miqrant saxlayıb
4-10-2024, 12:08
ABŞ Sərhəd Patrulu 2024-cü maliyyə ili ərzində Kanada sərhədindəki Suonton sektorunda 19,2 mindən çox sənədsiz miqrantı saxlayıb.
“Report” xəbər verir ki, bu barədə sektorun baş sərhəd xidmət agenti Robert Qarsiya sosial şəbəkədə bildirib.
“Suonton sektoru sərhəd xidməti agentləri 1 oktyabr 2023-cü ildən etibarən 97 müxtəlif ölkədən 19,2 mindən çox insanı saxlayıb ki, bu da son 17 ilin ümumi göstəricilərindən çoxdur”, – o yazıb.
Suonton sektoru Vermont ştatı və Nyu-Yorkla Nyu-Həmpşir ştatlarının bəzi rayonları ilə Kvebek və Ontario Kanada əyalətləri arasındakı sərhəddə yerləşir.
Agentin paylaşdığı videomaterialdan məlum olur ki, saxlanılan qanunsuz miqrantların sayı 2020 və 2021 maliyyə illərində müvafiq olaraq 574 və 365 nəfər olub. Daha sonra bu rəqəm əhəmiyyətli dərəcədə artaraq 2022 və 2023 maliyyə illərində müvafiq olaraq 1 min və 6,9 min nəfərə çatıb.
Xarici KİV-in məlumatına görə, ABŞ sərhədlərində qanunsuz miqrantlarla bağlı durum tez-tez Respublikaçılar Partiyası tərəfindən hazırkı Ağ ev administrasiyasına qarşı tənqid obyektinə çevrilir.