Makron Qəzza və Livan əməliyyatları ilə bağlı İsraili tənqid edib

7-10-2024, 12:34           
Makron Qəzza və Livan əməliyyatları ilə bağlı İsraili tənqid edib
Fransa prezidenti Emmanuel Makron şənbə günü Qəzzada istifadə üçün İsrailə silah tədarükünü dayandırmağa çağırıb və bu, İsrailin baş naziri Binyamin Netanyahunun kəskin cavabına səbəb olub. O, həmçinin Netanyahunun Livanda quru əməliyyatlarına qoşun göndərmək qərarını tənqid edib.

"Düşünürəm ki, bu gün prioritet məsələ siyasi həll yoluna qayıtmaq, Qəzzada döyüşmək üçün silah tədarükünü dayandırmaqdır" - deyə, Makron Fransanın "France Inter" telekanalına bildirib.

Makron atəşkəs üçün dəfələrlə edilən çağırışlara baxmayaraq, davam edən Qəzza münaqişəsi ilə bağlı narahatlığını təkrarlayıb.

"Düşünürəm ki, bizi dinləmirlər. Düşünürəm ki, bu, İsrailin təhlükəsizliyi baxımından da yanlışlıqdır” - deyə o, münaqişənin “nifrətə” səbəb olduğunu bildirib.

Netanyahu onun şərhlərinə dərhal cavab verib: “İsrail İranın rəhbərlik etdiyi vəhşilik qüvvələri ilə mübarizə apararkən, bütün sivil dövlətlər İsrailin yanında olmalıdırlar. Halbuki prezident Makron və digər Qərb liderləri indi İsrailə qarşı silah embarqosu tətbiq etməyə çağırırlar. Onlara ayıb olsun", Netanyahu ofisinin bəyanatında deyilib.

Bəyanatda deyilir ki, İsrail bir neçə cəbhədə əzəl düşməni İranın dəstəklədiyi qruplara qarşı müharibə aparır. Netanyahu "İran Hizbullaha, husilərə, HƏMAS və onun digər tərəfdarlarına silah embarqosu qoyur? Təbii ki, yox" - deyə, o bildirib.

Hər üç qrup Tehran tərəfindən dəstəklənir və onun İsrailə qarşı “müqavimət oxu”nun bir hissəsini təşkil edir.

Fransa prezidenti Livanda eskalasiyanın qarşısının alınmasının “prioritet” olduğunu bildirib. “Livan yeni Qəzzaya çevrilə bilməz”, o əlavə edib.

O, şənbə günü Parisdə fransızdilli xalqların konfransındakı çıxışında bu mövzuya qayıdıb.

Həm Paris, həm də Vaşinqton atəşkəs çağırışında olsa da, Makron "Baş nazir Netanyahunun başqa bir seçim etdiyinə görə təəssüf edirəm. Livan torpaqlarında quru əməliyyatların məsuliyyəti İsrailin üzərinə düşür" deyib.

O, əlavə edib ki, Beynəlxalq Frankofoniya Təşkilatının (OIF) 88 üzvü, o cümlədən Fransa və Kanada Livanda "dərhal və davamlı" atəşkəsə çağırıb. Lakin Makron İsrailin özünümüdafiə hüququnu bir daha təsdiqləyib. Makron bazar ertəsi Qəzzada girov saxlanılan fransız-israillilərin qohumları ilə görüşəcəyini deyib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.