İsrail yeni qanunun qəbulundan sonra BMT-nin fələstinli qaçqınlar üzrə agentliyi ilə əməkdaşlıq etməyəcəyini bildirib
5-11-2024, 15:44
İsrailin Xarici İşlər Nazirliyi bazar ertəsi bildirib ki, ölkəsi gələn ilin əvvəlində yeni qanunu qüvvəyə mindikdən sonra BMT-nin Fələstinli Qaçqınlar üzrə Agentliyi olan UNRWA ilə əməkdaşlıq etməyəcək. İsrail bu barədə BMT-yə rəsmi məlumat verib.
Bu addım İsrail parlamentinin agentliklə əlaqələri kəsən və onun İsraildə fəaliyyətini qadağan edən qanun layihəsini təsdiqlədikdən sonra atılıb.
"HƏMAS-ın UNRWA-ya sızmasını əsaslandıran hədzis sübutları BMT-yə təqdim etdiyimizə baxmayaraq, BMT vəziyyəti düzəltmək üçün heç nə etmədi," deyə İsrailin BMT-dəki səfiri Denni Danon açıqlama verib.
İsrail uzun müddətdir UNRWA-nı tənqid edir və onun bəzi əməkdaşlarını 2023 cü il oktyabrın 7-də İsrailə hücumda iştirak etməkdə günahlandırır.
İsrail iddialarını dəstəkləmək üçün az dəlil təqdim edib və UNRWA-nın rəhbəri Filippe Lazzarini keçən həftə agentliyin İsraildən bu cür məlumatların verilməsi ilə bağlı dəfələrlə etdiyi sorğulara cavab almadığını deyib.
"Bu səbəbdən UNRWA sübutu olmayan iddiaları həll etmək iqtidarında deyil, lakin bu iddialar agentliyin fəaliyyətini sarsıtmaq üçün istifadə olunmağa davam edir" - deyə, Lazzarini əlavə edib.
UNRWA münaqişə başlayandan əhalisinin təxminən 90%-nin köçkün düşdüyü Qəzza zolağında fələstinlilərə yardımın əsas paylayıcısı olub.
Lazzarini keçən həftə agentliyin fəaliyyətinin dayandırılması ilə bağlı bildirib ki, bu, "Qəzzada humanitar böhrana beynəlxalq reaksiyaya fəlakətli təsir göstərəcək".
İsrailin BMT-yə göndərdiyi məktubunda deyilir ki, ölkə "İsrailin təhlükəsizliyinə xələl gətirməyəcək şəkildə Qəzzada mülki şəxslərə humanitar yardımın asanlaşdırılmasını təmin etmək üçün Birləşmiş Millətlər Təşkilatının digər agentlikləri də daxil olmaqla, beynəlxalq tərəfdaşlarla işləməyə davam edəcək".
Humanitar təşkilatlar dəfələrlə Qəzzaya yardımın çatdırılmasında gecikmələrdən, eləcə də döyüşlər səbəbindən Qəzzada yardımın paylanması üçün təhlükəli şərtlərdən şikayət edib.