ABŞ-ın şimal-şərqində davam edən quraqlıq meşə yanğınları riskini artırır
Bu gün, 15:38
ABŞ-ın Şimal-şərqidəki rəsmilər quru və küləkli hava şəraitində yüzlərlə kol yanğını ilə mübarizə aparıldığını xəbər verir.
Nyu-Yorkda könüllülər Nyu-Cersi sərhədi yaxınlığında inadkar meşə yanğını ilə mübarizə üçün yanğınsöndürənlərə dəstək olub. Nyu-York yanğınsöndürənləri bazar günü bildiriblər ki, dəstək nəticəsində bir gecədə 160-dan çox evi qorumağa müvffəq olublar.
Şimal-şərq boyu yerləşən icmalar bu il gec başlayan payız yanğınlarında artım müşahidə edir. Sözügedən ərazilərin böyük əksəriyyətində bu həftə sonu "qırmızı bayraq" xəbərdarlığı verilib.
Küləkli hava şəraiti şənbə günü nəzarət xəttindən çıxan meşə yanğınını yenidən alovlandırıb. Bu isə Fövqəladə hallar rəsmilərini Nyu-Cersi sərhədinə yaxın Nyu-York ştatının Uorvik şəhərində təxminən 165 evə təsir edən könüllü evakuasiya planını qüvvəyə mindirməyə vadar edib.
Nyu-Yorkun Parklar Departamentinin nümayəndəsi Ceff Vernik yanğınsöndürənlərin yanğınının qarşısını almaq üçün mübarizə apardığını və bazar günü günortadan sonra heç bir strukturun təhlükə altında olmadığını bildirib. Vernik könüllü evakuasiyanın ən azı bazar ertəsinə qədər davam edəcəyini deyib.
Rəsmilər Nyu-Cersi ştatının Passaik qraflığında yanğının 90%-nin, Nyu-Yorkun Orange qraflığında isə təxminən 88%-nin nəzarətə alındığını bildirib.
Nyu York Ordusunun Milli Qvardiyası və ştat polisi helikopterlərlə yanğına müdaxilə edib.
Adətən hər il oktyabr ayında təxminən 15 meşə yanğını baş verən Massaçusets ştatında isə bu il bu rəqəm 200-ə qədər qalxıb. Ştat rəsmiləri quraqlıq və qurumuş kollar səbəbi ilə daha çox yanğının gözlənildiyini bildiriblər.
Boston Milli Meteoroloji Xidməti bazar günü xəbərdalıq edib ki, güclü küləklər və quraqlıq nəzərə alınmaqla, ştatın cənubunda yüksək yanğın riski davam edir.
Ölkənin qərbində isə Kaliforniya ştatı Ventura qraflığında 245-dən çox strukturu məhv edən 83 kvadrat kilometrlik yanğınla mübarizədə irəliləyiş əldə edib. Dağlıq ərazilərdəki yanğının 95%-i söndürülüb.