BMT agentliyi İsrailin hücumlarının Qəzzada səhiyyə sistemini iflasa sürüklədiyini bildirir
2-01-2025, 15:44
BMT-nin insan haqları ofisinin çərşənbə axşamı yaydığı hesabata görə, İsrailin Qəzzada xəstəxanalara təkrar hücumları və yaxınlıqda aparılan əməliyyatlar Qəzzanın səhiyyə sistemini çökdürüb.
19 səhifəlik hesabatda deyilir ki, “İsrailin xəstəxanalara və onların ətrafına ölümcül hücumları Qəzzada əksər xəstəxanaların dağılmasına səbəb olub,” bir çox xəstəxanada və onların ətrafında davamlı döyüşlərə gətirib çıxarıb və “səhiyyə sistemini tam çökməyə doğru sürükləyib.”
“2023-cü ilin oktyabr ayından vəziyyət fəlakətli səviyyəyə çatıb. Belə ki, onsuz da zədələnmiş səhiyyə sistemi hədəfə alınıb və nəticədə yüzlərlə səhiyyə və tibb işçisi öldürülüb” deyə hesabat müəllifləri iddia edirlər.
Hesabat 2023-cü il oktyabrın 7-dən - HƏMAS militantlarının İsrailə qarşı terror hücumu həyata keçirərək, 1200-ə yaxın insanı öldürüb və 250-yə yaxın nəfəri girov götürməsindən - 30 iyun 2024-cü il tarixinə qədərki zamanı əhatə edir.
HƏMAS ABŞ, Britaniya və digər Qərb ölkələri tərəfindən terror qruplaşması kimi tanınıb.
Hesabat bu müddət ərzində ən azı 27 xəstəxana və 12 digər tibb müəssisəsinə ən azı 136 zərbənin endirildiyi, tibb işçiləri və mülki şəxslər arasında çoxlu itkilərə və “mülki infrastrukturda, tamamilə məhv edilməsə də” əhəmiyyətli ziyana səbəb olduğu qeyd edilir.
“Bu hesabatda Qəzzada səhiyyə sisteminin dağıdılması və bu hücumlar zamanı xəstələrin, işçilərin və digər mülki şəxslərin beynəlxalq humanitar və insan haqları qanunlarına açıq-aşkar etinasızlıqla öldürülməsinin miqyası açıq şəkildə təfərrüatlandırılır,” BMT-nin İnsan Haqları üzrə Ali Komissarı Volker Türkün hesabatın dərci ilə eyni vaxta təsadüf edən bəyanatında deyilir.
O bildirib ki, hesabat İsrailin beynəlxalq hüquqa riayət etməsi ilə bağlı ciddi narahatlıq doğurur. O qeyd edir ki, tibb işçiləri və xəstəxanalar beynəlxalq humanitar hüquq çərçivəsində xüsusi olaraq qorunur, “bir şərtlə ki, onlar öz humanitar funksiyalarından kənarda düşmənə zərərli hərəkətlər törətməsinlər və ya bununun üçün istifadə olunmasınlar.”
“Qəzzada amansız bombardmanlar və dəhşətli humanitar vəziyyət yetərli deyilmiş kimi, fələstinlilərin özlərini təhlükəsiz hiss etməli olduqları yeganə sığınacaq ölüm tələsinə çevrilib,” - Türk deyib. "Müharibə zamanı xəstəxanaların qorunması hər şeydən vacibdir və hər zaman bütün tərəflər tərəfindən hörmət edilməlidir."
İsrail bu ittihamları qətiyyətlə təkzib edib. 11 səhifəlik cavabda İsrailin Cenevrədəki Daimi Nümayəndəliyi İnsan Haqları üzrə Ali Komissarlığın bu dördüncü “tematik hesabatını” “Ali Komissarlığın İsraili təhqir etməklə bağlı vəsvəsəsinin” çoxsaylı nümunələrindən biri kimi təsvir edib.
O, agentliyi “HƏMAS-ın səhiyyə müəssisələrində hərbi fəaliyyətinə dair sənədləşdirilmiş sübutları” təkzib etməkdə və “HƏMAS-ın Qəzzadakı tibb müəssisələrindən terror məqsədləri üçün sistemli şəkildə istismarını tanımaq istəməməkdə” ittiham edib.
Daimi Nümayəndəlik Ali Komissasrlığın hesabatlarında tətbiq olunan metodologiyanı “əsas etibarilə nöqsanlı” adlandırıb. O, agentliyin “etibarsız mənbələrə” etibarını tənqid edib və xəstəxanalara hücumlarını bu sağlamlıq mərkəzlərinin fələstinli silahlı qrupları tərəfindən istifadə edilməsi ilə əsaslandırıb.