İsrailin Qəzzanın şimal və mərkəzinə hava hücumları nəticəsində azı 15 nəfər ölüb
2-01-2025, 16:44
Fələstinli rəsmilər çərşənbə günü bildirib ki, İsrailin Qəzzanın şimal və mərkəzinə hava hücumları nəticəsində azı 15 nəfər ölüb.
Zərbələrdən biri Qəzzanın şimalındakı Cəbəliyyə bölgəsindəki bir evə, digəri isə Qəzza zolağının mərkəzindəki Bureyc qaçqın düşərgəsinə düşüb. İsrail ordusu hücumlarla bağlı hələ şərh verməsə də, çərşənbə günü həmin bölgələrdəki militantların raket hücumunun qarşısını aldığını bildirərək insanları Bureyc bölgəsini təxliyə etmələri barədə xəbərdarlıq edib.
Ordunun dediyinə görə, İsrail dəfələrlə insanlara Qəzzanın bəzi bölgələrindən köçmələrini və HƏMAS militantlarına qarşı müharibəni təhlükəsiz aparmaq üçün evakuasiyanın vacibliyini bildirib.
Birləşmiş Millətlər Təşkilatı və humanitar təşkilatlar İsrailin taktikasını tənqid edərək bildiriblər ki, evakuasiya əmrləri çox vaxt insanlara yerlərinin tərk etmək üçün az vaxt verir və onların hava hücumlarından və İsrailin quru əməliyyatlarından xilas olmaq üçün Qəzzada gedə biləcəkləri təhlükəsiz yerlər yoxdur.
Qəzzada müharibə 2023-cü ilin oktyabrında HƏMAS-ın İsrailin cənubuna hücum edərək 1200 adamı öldürüb, 250-yə yaxın adamı girov götürməsi ilə başlayıb. Qəzzada 100-ə yaxın girov saxlanılır, onlardan ən azı üçdə birinin öldüyü güman edilir.
İsrailin Qəzzada həyata keçirdiyi əks-hücum nəticəsində ən az 45,5 min fələstinli həlak olub, 108 000-dən çoxu isə yaralanıb. Qəzzanın Səhiyyə Nazirliyi öz sayında yaraqlılarla mülki şəxslər arasında fərq qoymur.
Müharibə Qəzzanın geniş ərazilərini yerlə-yeksan edib və 2,3 milyon əhalisinin 90%-ni köçkün vəziyyətinə salıb.
ABŞ, Böyük Britaniya, Avropa İttifaqı və digərləri HƏMAS-ı terror təşkilatı kimi tanıyıb.