Mayk Conson yenidən ABŞ Nümayəndələr Palatasının spikeri seçildi
Dünən, 10:14
Yanvarın 3-də yeni tərkibdə ilk iclasında ABŞ Nümayəndələr Palatası öz spikerini seçdi. Nümayəndələr Palatasının öncəki çağırışında spiker olmuş Mayk Conson 218 səs qazanaraq, yenidən spiker seçildi.
Mayk Consonun spiker seçilməsi sual altında idi. Belə ki, Respublikaçıların cəmi 219 üzv ilə təmsil olunduğunu Nümayəndələr palatasında spikerlik seçkilərində Conson öz partiya yoldaşlarının yalnız birinin səsini itirə bilərdi.
Səsvermədən öncə yeni seçilmiş prezident Donald Tramp Consona dəstəyini ifadə etsə də, Consonun ilk cəhddən spiker seçiləcəyinə əminlik az idi.
Nəticədə, spiker səsverməsində Respublikaçıların namizədi Mayk Conson 218, Demokratların namizədi Hakim Cefris 215 səs əldə etdi. Bu, Consonra spikerliyə təmin etməyə kifayət idi.
Spiker səsverməsi Trampın vergilərin azaldılması və sərhədin gücləndirilməsi ilə bağlı siyasi planlarını irəli sürərkən partiyanın bir araya gəlmə qabiliyyətinin erkən sınağı idi.
Nümayəndələr Palatasının respublikaçıları son iki ildə daxili parçalanmalara məruz qalıblar. Conson sələfi Kevin Makkartinin səlahiyyət müddətinin ortasında partiyadaşları tərəfindən devrilməsindən sonra spikerliyə yüksəldi.
Respublikaçıların Makkarti spiker seçməsi də asan olmamışdı. Onun spikerliyə yolu 2023-cü ildə dörd gün ərzində 15 səsvermə çəkdi.
52 yaşlı mülayim xasiyyətli Conson Luiziana nümayəndəsidir.
Cümə günü, həmçinin ABŞ Senatına yeni seçilən üzvlərin də andiçməsi keçirildi. Senatın yeni tərkibində Respublikaçılar 53-47 səs üstünlüyünə malikdirlər. Öncəki Senatda Respublikaçıların lideri Miç Makkonel bu vəzifədən çıxdıqdan sonra partiya üzvləri Con Tunu yeni lider seçiblər.