Hakim Trampın “pul müqabilində susmaq” işi üzrə hökmün oxunmasını 10 yanvar tarixinə təyin etdi
Dünən, 11:34
Hakim cümə günü ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın “pul müqabilində susmaq” işi üzrə hökmün oxunmasını 10 yanvar tarixinə təyin etdi. Bu, onun Ağ Evə qayıtmasına cəmi 10 gün qalmış baş verəcək. Lakin hakim Trampın həbs olunmayacağına işarə etdi.
Bu qərar Trampı ağır cinayətlərə görə məhkum edilmiş ilk ABŞ prezidenti edəcək.
Trampın məhkəməsinə rəhbərlik edən hakim Xuan M. Merçan yazılı qərarında keçmiş və gələcək prezidentə həbs cəzası, cərimə və ya sınaq müddəti olmadan işin bağlanması ilə nəticələnən şərti azadlıq veriləcəyini bildirib.
Merçan prezidentlik toxunulmazlığı və Ağ Evə qayıdışını əsas gətirərək hökmün ləğvi və işin dayandırılması ilə bağlı Trampın müraciətini rədd etdi. Hakim Trampın 20 yanvar andiçmə mərasimindən əvvəl cəza verməyin zəruri olduğunu qeyd edib. “Ədalət bu işə son nöqtə qoymaqla təmin ediləcəkdir”, hakim əlavə edib.
Tramp may ayında biznes sənədlərinin saxtalaşdırılması ilə bağlı 34 maddə üzrə məhkum edilmişdi. Bu, Trampın 2016-cı ildəki ilk seçki kampaniyasının son həftələrində porno aktrisa Stormi Danielsə susmaq üçün ödənişin gizlədilməsi ilə bağlı olduğu iddia edilən sxemlə əlaqəli idi. Ödəniş onun Trampla illər əvvəl cinsi əlaqədə olduğu iddiasını ictimailəşdirməməsi üçün edilib. Tramp bunun yalan olduğunu və heç bir qanunsuz hərəkət etmədiyini iddia edir.
Trampın 5 noyabr seçkilərində qələbəsindən sonra Merçan işi dayandırdı və cəzanın verilməsini qeyri-müəyyən müddətə təxirə saldı ki, müdafiə və ittiham tərəfi işin gələcəyini müzakirə edə bilsin.
Tramp 20 yanvarda cinayətə görə məhkum edilmiş ilk keçmiş prezident və cinayət məhkumluğu olan ilk şəxs kimi prezident vəzifəsinə başlayacaq.
Onun məhkumluğu 78 yaşlı Trampı cərimə və ya sınaq müddətindən dörd il həbs cəzasına qədər dəyişə biləcək cəza ilə üzləşdirdi.