Cill Baydenin 2023-cü ildə xarici liderlərdən aldığı ən bahalı hədiyyə 20 000 dollarlıq brilyant olub
6-01-2025, 16:34
Dövlət Departamentinin hesabatına görə, prezident Co Bayden və ailəsinə 2023-cü ildə xarici liderlərdən on minlərlə dollarlıq hədiyyə verilib və birinci xanım Cill Baydenə ən bahalı hədiyyəni- 20000 dollarlıq brilyant Hindistanın lideri verib.
Hindistanın baş naziri Narendra Modinin 7,5 karatlıq brilyantı 2023-cü ildə birinci ailənin hər hansı bir üzvünə təqdim edilən ən bahalı hədiyyə olub. O, Ukraynanın ABŞ-dakı səfirindən 14 063 dollar dəyərində broş,Misir prezidentinin və birinci xanımının 4510 dollar dəyərində qolbaq və fotoalbom alıb.
ABŞ prezidentinin özü də bir sıra bahalı hədiyyələr, o cümlədən Cənubi Koreyanın bu yaxınlarda impiçment elan edilmiş prezidenti Yun Suk Yeoldan 7100 dollar dəyərində xatirə fotoalbomu, Monqolustan baş nazirinin monqol döyüşçülərinin 3495 dollarlıq heykəli, Bruney sultanından 3300 dollar dəyərində gümüş kasa alıb. İsrail prezidentinin 3160 dollarlıq gümüş kasa və Ukrayna prezidenti Volodimir Zelenskidən 2400 dollar dəyərində kollaj da hədiyyələr arasındadır.
Federal qanun icra hakimiyyətinin məmurlarından xarici liderlərdən və həmkarlarından təxmini dəyəri 480 dollardan çox olan hədiyyələri bəyan etməyi tələb edir. Bu həddə cavab verən hədiyyələrin çoxu nisbətən təvazökardır və daha bahalı olanlar adətən (lakin həmişə deyil) Milli Arxivə köçürülür və ya rəsmi nümayişlərə qoyulur.
Dövlət Departamentinin sənədinə əsasən, 20 min dollarlıq brilyant Ağ Evin Şərq Qanadında rəsmi istifadə üçün saxlanılıb, prezident və birinci xanıma verilən digər hədiyyələr isə arxivə göndərilib.
Jill Baydenin sözçüsü Vanessa Valdivia brilyantın arxivə təhvil veriləcəyini deyib və ondan nə üçün istifadə ediləcəyini açıqlamayıb.