ABŞ Hindistanla mülki nüvə əməkdaşlığı maneələrini aradan qaldıracaq
Dünən, 16:38
ABŞ-ın milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan bazar ertəsi Yeni Dehlidə deyib ki, Birləşmiş Ştatlar Hindistan fşirkətləri ilə mülki nüvə əməkdaşlığı qarşısındakı maneələri aradan qaldırmaq üçün son addımlar atır.
2007-ci ildə Hindistan və Birləşmiş Ştatlar arasında imzalanmış əlamətdar saziş Yeni Dehliyə nüvə sınaqları keçirdiyinə görə tətbiq edilən otuzillik sanksiyalara son qoymuş və Hindistana mülki nüvə texnologiyası əldə etmək üçün qapı açmışdı. Sazişin Hindistana artan enerji ehtiyaclarını ödəməyə kömək edəcəyi gözlənilirdi. Lakin qəzalar zamanı öhdəliyin operator deyil, atom elektrik stansiyası quran şirkət tərəfindən ödənilməsini tələb edən Hindistan qaydaları qlobal normalara uyğun gəlmir, Hindistanda elektrik stansiyaları quran ABŞ şirkətlərinə əngəl törədirdi.
Mülki nüvə əməkdaşlığı ilə bağlı uzun müddətdir mövcud olan qaydaların aradan qaldırılması üçün "rəsmi sənədlərin" tezliklə əldə ediləcəyini bildiriən Sallivan "bu, keçmişin bəzi sürtüşmələrini vərəqləmək və mövcud qurumlar üçün imkanlar yaratmaq üçün bir fürsət olacaq" deyib.
Sallivanın Hindistana səfəri yeni seçilmiş prezident Donald Trampın rəhbərliyi altında yeni administrasiyanın vəzifəyə başlamasından iki həftə əvvəl baş verib.
Yeni Dehlidə Hindistan Texnologiya İnstitutunda danışan müşavir Hindistan-ABŞ münasibətlərinin Hind-Sakit okean regionunda sülh və sabitlik üçün böyük əhəmiyyət kəsb etdiyini deyib.
Sallivan bildirib ki, iki ölkənin strateji texnologiya tərəfdaşlığını gücləndirmək üçün iki il əvvəl irəli sürülən təşəbbüs münasibətlərin mühüm tərkib hissəsidir.
Kritik və İnkişaf etməkdə olan Texnologiyalar üzrə Təşəbbüs çərçivəsində hər iki ölkə kvant hesablamaları, müdafiə, süni intellekt, 5G simsiz şəbəkələri və yarımkeçiricilər kimi Çinin dominant mövqe qazandığı sahələrdə əməkdaşlığı dərinləşdirmək istəyir.