WSJ: Tramp onun siyasətinə qarşı çıxan hüquqşünaslara təzyiq göstərməyi Ədliyyə Nazirliyinə tapşırıb
24-03-2025, 11:27
ABŞ Prezidenti Donald Tramp ölkənin Ədliyyə Nazirliyinə onun administrasiyasının siyasətinə qarşı məhkəmələrdə işlər aparan hüquq firmalarına və vəkillərə təzyiq göstərmək göstərişi verib.
“Report” xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) məlumat yayıb.
Bildirilib ki, Tramp ABŞ-nin ədliyyə naziri və baş prokuroru Pem Bondiyə məhkəmə vasitəsilə “əsassız, qeyri-məntiqli və mübahisəli məhkəmə prosesləri” aparan hüquqşünaslara qarşı məhdudiyyətlərə nail olmağı tapşırıb.
Nəşrə görə, Ədliyyə Nazirliyi artıq hökumət məhdudiyyətlərinə məruz qala biləcək on iki firmadan ibarət siyahı tərtib edib. Belə firmaların müştəriləri əvvəllər bağlanmış dövlət müqavilələrini itirə bilərlər.
Xatırladaq ki, “Bloomberg” agentliyinin hesablamalarına görə, Tramp administrasiyası işinin ilk iki ayında onun qərarlarını mübahisələndirən 150-dən çox iddia ilə üzləşib. Məhkəmədə mübahisələndirilməyə çalışılan Amerikan hökumətinin əsas fəaliyyət istiqamətləri arasında qanunsuz miqrasiya və müxtəliflik, bərabərlik və inklüzivlik proqramları (Diversity, Equality and Inclusion, DEI) ilə mübarizə, həmçinin ABŞ hökumətinin işinin səmərəliliyini artırmaq üzrə qurumun (DOGE) fəaliyyəti və dövlət qulluqçularının kütləvi ixtisarı var.